"Bu cür yazılara fikir vermirəm": Qurban Qurbanov
ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XXIII turu çərçivəsində Qəbələdə eyniadlı komandanı 2:1 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- Həddən artıq çətin oyun oldu. “Qəbələ” yenə də bizə qarşı yaxşı oyun göstərdi. Futbolçularıma təşəkkür edirəm. Sürət bir o qədər də yüksək deyildi. Bununla yanaşı, bu cür hava şəraitində mübarizə apardılar. Qalib gəlməsəydik də, futbolçularıma təşəkkür edəcəkdim. “Qəbələ” oyundan oyuna artırır. Əvvəlcədən də bilirdim ki, hər qarşıdakı oyun bizim üçün çətin keçəcək.
- Almeyda bir o qədər də gözə dəymirdi...
- Ola bilər. Bəlkə də rəqib futbolçular ona daha çox diqqət yetirirdilər.
- Araz Abdullayev meydana daxil olduqdan cəmi 3 dəqiqə sonra fərqləndi. Bu, məşqçi intuisiyası idi?
- Uğurlu olanda deyirlər məşqçi intuisiyasıdı, uğursuz əvəzetmədən sonra məşqçi günahkar çıxır. Arazı təbrik edirəm. Sürətlə cinahdan cərimə meydançasına daxil olmağı bacarır.
- 6:0-dan sonra müəyyən arxayınçılıq yox idi?
- Hər məşqdə bunu futbolçulara xatırladırdım. Açığı, hiss etmədim ki, futbolçularda arxayınçılıq var idi.
- Mahir Mədətovu nə qədər qorusanız da, “Sumqayıt”la matçdan sonra atası mediaya qarşı hikkəli bir yazı yazdı...
- Bu cür yazılara fikir vermirəm. Dəfələrlə demişəm ki, Mahir öz oyunu, intizamlı davranışı ilə azarkeşlərin sevgisini qazanmalıdı.