Mövsümün ilk mətbuat konfransı
ESTAFET/ Formula 1 pilotlarının iştirakı ilə bu mövsüm Bakıda keçirilən ilk mətbuat konfransı baş tutub. Pilotlardan Antonio Covinatsi (Alfa Romeo Racing), Niko Hulkenberq (Renault), Kevin Maqnussen (Haas) və Lens Strol (Racing Point) jurnalistlərin suallarını cavablayıblar.
Sual: Kevin, səndən başlayaq. Bakıda son iki ildə drama ilə dolu yarışlara şahid olmuşuq. Bir pilot olaraq burada yarışmağın çətinliyindən nə qədər zövq alırsan?
Kevin Maqnussen: Burada yarışmaq həyəcanvericidir. Dediyiniz kimi, indiyədək burada yarış zamanı çoxlu dramaya, təhlükəsizlik maşınının dəfələrlə trekə daxil olmasına və bunun kimi digər xüsusi məqamlara şahid olmuşuq. Görək bu il necə olur. Bu il hamı ehtiyatla yanaşır və bunun nəticəsində sıxıcı yarış görə bilərik. Düzünə qalsa dəqiq bilmirəm. Zövqverici trekdir, burada sürmək əyləncəlidir və əlbəttə ki, yarışmaq və ötmələr etmək baxımından geniş fürsətlərə sahib oluruq. Həqiqətən də yarışmaq üçün yaxşı məkandır.
Sual: Bura ilə bağlı hamınızın düşüncələrini bilmək istəyirik. Lens, ötən yarışlarda burda podiuma çıxmısan. Bura səninçün gözəl xatirələr daşıyırmı?
Lens Strol: Əlbəttə. Podiumda olmaq son dərəcə əhəmiyyətlidir, bu baxımdan həmin gün mənimçün çox əlamətdar idi. Kevinin dediyi kimi burada hər il eyni fürsət mövcuddur. Yarış zamanı trek daxilində xaotik vəziyyət hakim olur, xüsusən də sonuncu dörd-beş dövrə ərzində. Ötən ildə olduğu kimi təhlükəsizlik maşını arxasında yarışa davam etmək nəticəsində hər zaman daha irəliyə keçmək imkanı yaranır və nəticədə görəcəyik bu il qarşımıza hansı fürsətlər çıxır.
Sual: Niko, sən bu trekdə podiuma çıxa bilməyibsən. Bəs necə, buradakı gərgin mübarizədən zövq ala bilirsənmi?
Niko Hulkenberq: Əlbəttə. Möhtəşəm trekdir. Çox sürətlidir. Burada yarışmaq son dərəcə çətindir, həmçinin müsbət mənada xaotikdir, başqa sözlə hərtərəfli şəkildə gözəldir. Xüsusən 1-ci döngədə çox gözəl mənzərə yaranır. Bolidin içərisindən bunu izləmək də olduqca əyləncəlidir.
Sual: Antonio, sualım sənədir. Burada Formula 1 üzrə sən ilk dəfədir yarışırsan. Ancaq 2016-cı ildə keçirilmiş hər iki Formula 2 yarışında qələbə qazanmısan. Formula 1 bolidində trekə çıxmaq səninçün nə qədər həyəcanlıdır?
Antnio Covinatsi: Bəli bu həftə mən Bakıda ilk dəfə Formula 1 bolidində trekə çıxacağam. Lakin sənin də dediyin kimi bura aid məndə gözəl xatirələr var. 2016-cı ildə ilk dəfə Formula 2 yarışlarında iştirak edirdim və həmin il burada baş tutan hər iki yarışın qalibi oldum. Mən səbrsizliklə yarışı gözləyirəm. Bilirəm çox çətin yarış olacaq. Kevinin də dediyi kimi yarış zamanı trekə dəfələrlə təhlükəsizlik maşının daxil olması və başqa xüsusi məqamlara şahid ola bilərik hər zamankı kimi. Bu həftəki yarışı səbrsizliklə gözləyirəm.
Sual: Antonio, sənə başqa sualım da var. Sənin komandanın rəhbəri Frederik Vasseur dedi ki, Çindəki yarışda sənin zəif çıxışında komandanın rolu olub. Mövsümə başlayandan indiyədək üç çətin yarış keçiribsən. Necə hesab edirsən, sən bu mövsüm indiyədək öz gerçək potensialını nümayiş etdirə bilməyibsənmi?
Antonio Covinatsi: Düşünürəm ki, biz hələ başlanğıcdayıq. Biz bir komandayıq və komandam mənə necə inanırsa, mən də onlara o dərəcədə inanıram. Biz belə çalışmağa davam etməliyik və əminəm ki, bunun arxasınca xallar gələcək.
Sual: Niko, əgər biz məsələyə Renault perspektivindən baxsaq, sən indiyədək iki dəfə yarışı tam başa vura bilməyibsən, hansı ki, bu məqam səni çox ruhdan salıb. Sənə bu nəticələr daha çox təsir edir, yoxsa bolidin istədiyin sürətdə olmaması?
Niko Hulkenberq: Əslinə baxsan bir qədər hər ikisi. Bu aydındır ki, yarışı başa vura bilmədiyin məqamlar olacaq və bu heç də yaxşı hal deyil. Xüsusən də mövsümün ilk yarışlarında. Öz mübarizənlə xallar ala bilmək çox gözəldir. Ancaq digər tərəfdən, bolidin sürəti də öz sözünü deyir. Hər bir trekdə komandamızın bir və ya hər iki bolidi yaxşı vəziyətdə olub və biz xeyli xal toplaya bilmişik. Bu baxımdan deyə bilərəm ki, bizim güclü fundamentimiz var. Əlbəttə orta səviyyədəki bolidlər arasında mübarizə çox həlledicidir və ilk üçlük yenə də irəlidə olacaq. Xal qazanmağı təmin etmək üçün gərək bu irəliləyişə davam edəsən və bolidin hər ötən həftə daha da sürətlənməsindən əmin olasan.
Sual: Lens, sualım sənədir. İndiki adı ilə Racing Point, əvvəlki adı ilə Force India, bolidini ənənəvi olaraq yaxşılaşdıra bilib və bu mövsümə güclü başlanğıc edib. Renault və Haas ilə müqayisədə komandanda ab-hava necədir?
Lens Strol: Bəli, bu bizim hədəfimizdir. Bütün mövsüm boyunca biz bolidi təkmilləşdirməyə çalışırıq. Sirr deyil ki, orta komandalar arasında mübarizə çox gərgin gedir. İndiki məqamda dəqiqənin onda biri nəzərə alınır. Bolidi yaxşılaşdırmaq və nəticədə mümkün qədər çox sayda xala yiyələnmək mövsümün qalan hissəsində də gündəmdə olacaq.
Sual: Kevin, qayıdıram sənə. Haas sıralanma turlarında müəyyən dərəcədə yaxşı nəticə göstərə bilib, ancaq yarışlarda çətinlik çəkib. Quenter Ştayner bu həftəsonu ilə bağlı çox da ümidli deyil. Sən nə düşünürsən, burada xal qazana biləcəksənmi?
Kevin Maqnussen: Mən hər zaman yarış həftəsonuna ümidli və müsbət əhval-ruhiyyədə gedirəm. Hər zaman yarışları səbrsizliklə gözləyirəm. Bu trek indiki məqamda bizi narahat edən məsələlərdə bizə çox da köməyi olmayacaq. Ancaq yenə də deyirəm, biz bolidimiz yavaş da olsa ötən yarışlarda burada xala yəyələnə bilmişik. Hesab etmirəm ki, bolidimiz sürət baxımından bu həftəsonu zəif olsun. Bizim bolidimiz sürətlidir. Bildiyiniz kimi komandamızın hər iki bolidi hər üç yarışın sıralanma sessiyalarının sonuncusuna qədər mübarizə apara bilmişdi. Sonra hər üç yarışda isə ikinci ən zəif sürətli komanda olmuşduq. Bu aydındır ki, bizim bununla bağlı problemimiz var və bunu tezliklə aradan qaldırmalıyıq. Hesab edirəm ki, bunun həlli bir qədər vaxt aparacaq.
JURNALİSTLƏRİN SUALLARI
Sual (Kristian Nimmervol – motorsport-total.com): Antonio, qeyd etdin ki, qış testi zamanı sən Kiminin mühəndislərə bolidi daha yaxşı qurmaq və düzgün istiqamət vermək baxımından etdiyi kimi mümkün qədər çox sürəcəksən. Necə düşünürsən, bunu reallaşdıra bilməməyin sənin performansına hər hansı bir mənfi təsir göstəribmi?
Antonio Covinatsi: Ele düşünmürəm. Melburnda sürətliydik və birinci döngədə toqquşma nəticəsində problem yaşadım. Bəhreyndə dəqiqənin onda biri qədər Kimidən aralıdaydım və Çindəki yarış isə çox çətin keçdi. Ancaq onu deyə bilərəm ki, bizim elə bir böyük problemimiz yoxdur. Əlbəttə Kiminin sürüş tərzi mənimkindən fərqlənir. Səmimi deyə bilərəm ki, biz eyni istiqamətdə irəliləyirik. İndiyədək biz belə mübarizə aparmışıq və əminəm ki, şans bizim tərəfimizdə olacaq və nəticə üzümüzə güləcək.
Sual (Valentin Xoronjiy – motorsport.com): Sualım Kevinədir. Deyildi ki, bu həftə təkərləri sürətli isitmə problemi ilə bağlı bəzi dəyişikliklər olacaq. Həmin dəyişikləri aydınlaşdıra bilərsənmi və necə düşünürsən, bu dəyişikliklərin hər hansı bir görünəbilən təsiri olacaqmı?
Kevin Maqnussen: Düzü mən həmin problemin düzəldiyi qənaətində deyiləm. Biz sözügedən problemin həlli ilə bəzi dəyişikliklər etmişik. Ancaq bu belə asan deyil. Biz çalışırıq ki, problemin kökünü tapaq və nə baş verdiyini anlayaq, nəticədə də ona uyğun tədbirimizi görək. İndiki məqamda biz problemin tam aydınlaşdırılması mərhələsindəyik və bu aydın olduqdan sonra biz problemə həll yolu tapmalıyıq. Biz bu həftəki yarışa həmin problemin həllinə istiqamətlənmiş bəzi yeniliklərlə gəlmişik, görək bir faydası olurmu.
Sual (Hektor Saques – diariomotor.com): Son iki mövsüm ərzində Renaultdakı digər sürücü yoldaşların ilə müqayisədə Daniel Rikkardonun komanda yoldaşı olmağının üstünlükləri nələrdir?
Niko Hulkenberq: O həqiqətən güclü və yaxşı pilotdur. Çindəki yarışda aydın müşahidə olunduğu kimi, o Renaultda artıq özünü evindəki kimi hiss edir və bolidinin bütün gücünü ortaya qoyur. Həmçinin o çox təcrübəlidir və indiyədək çox gözəl işlər ortaya qoyub. Yaxşı olan odur ki, hər ikimiz bolidə eyni cür yanaşırıq. Bolid və komandadan gözləntimiz də olduqca müsbət və çox məhsuldardır. Bu da vacib bir məsələdir.
Sual: Komanda yoldaşları məsələsi açılmışkən, siz bu il yeni komanda yoldaşlarısız. Lens, Serxio ilə işləmək necədir və trekdəki mübarizədən danışsaq o hələ də əvvəlki qədər güclüdürmü?
Lens Strol: İndiyədək çox yaxşıdır. O çox təcrübəli pilotdur və uzun müddətdir bu komanda ilə işləyir. Bolidlərimizin mövcud vəziyyəti ilə bağlı ikimiz də eyni qənaətdəyik. Bu, komandanın gələcək inkişafına köməklik göstərmək baxımından olduca əhəmiyyətlidir. Bəli hələ ilk günlərdir, ancaq biz bu günlər ərzində güclü münasibət qura bilmişik.
... və Antonio, sən Kimini Ferraridə çalışdığın zamandan tanıyırsan. Onunla eyni komandada yarışmağın təəccübləndirici məqamları varmı?
Antonio Covinatsi: Xeyir, mən də eyni fikirdəyəm. Kimi kimi bir komanda yoldaşına sahib olmaq mənimçün böyük köməkdir. O, dünya çempionu olmuş bir pilotdur və böyük təcrübəyə malikdir. Ona görə də bu mənimçün çox yaxşı bir məqamdır, həmçinin komanda üçün və bolidin davamlı inkişafı üçün də. Onun kimi komanda yoldaşım olduğu üçün özümü çox xoşbəxt sayıram.
Sual (Cens Naqler – Bild): Sualım Nikoyadır. Sosial mediada gördük ki, sən artıq it saxlayırsan. Bu ötən yarışlarda qarşılaşdığın uğursuzluğun əleyhinə bir maskotdurmu?
Niko Hulkenberq: Düşünürəm ki, sən məndən hə cavabını eşitmək istəyirsən, ancaq bu belə deyil. Bu, sadəcə onlardan biridir. Mən çox uzun müddət idi ki, itlərlə maraqlanırdım. Artıq ona sahib olmağın vaxtı gəlib çatmışdı. Sonradan yaranmayıb, hər zaman fikrimdə olub.