Qadın sablyaçılarımız Dünya Kubokunun mərhələ yarışında iştirak edib

ESTAFET/ Tunisin eyniadlı şəhərində sablya üzrə qadınlar arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.

Tunisin eyniadlı şəhərində sablya üzrə qadınlar arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub. Sablya üzrə milli komandamızın üzvləri həm şəxsi, həm də komanda yarışında qüvvəsini sınayıb. Sablyaçılarımızdan şəxsi yarışlarda ən yaxşı göstərici Anna Başta və Valeriya Bolşakovaya məxsusdur. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran Anna pley-offa adlayıb. Bu mərhələdə ilk görüşündə Çin idmançısı Çenyi Zhuanqa 15:8 hesabı ilə qalib gələn Anna, ardınca Yaponiya təmsilçisi Misaki Emura üzərində 15:9 hesablı qələbə qazanıb. İdmançımız 1/32 finalda gərgin keçən mübarizədə fransalı Marqauks Rifkissə 13:15 hesabı ilə uduzub. Qrup mərhələsini qarşılaşdığı 6 rəqibindən 5-nə qalib gələn Valeriya Bolşakova birbaşa 1/64 finala vəsiqə qazanıb. Bu mərhələdə Macarıstan sablyaçısı Luka Laszlonu 15:5 hesabı ilə məğlub edən Valeriya 1/32 finalda polşalı Angelika Vatora 11:15 hesabı ilə uduzub. Digər sablyaçımız Səbinə Kərimova da qrup mərhələsini uğurla adlayıb. Qrupda üzləşdiyi 6 rəqibindən 3-nü məğlub etməyi bacaran Səbinə, pley-offda Kanada təmsilçisi Madison Zurquda 10:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qələbə qazanan Sevil Bünyatova isə pley-offa Rusiya idmançısı Olqa Nikitina ilə görüşdən 6:15 hesablı məğlubiyyətlə ayrılıb. Qadın sablyaçılarımız komanda yarışında 1/16 finalda Türkiyə yığmasına 43:45 hesabı ilə uduzub. 

Müəllif: Natiq NƏSİROV