Avropa Çempionatının ilk günü qrup komandamız finalı təmin etdi

ESTAFET/ Bu gün, Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatına start verilib.

İştirakçı ölkələrin bayraqlarının təqdimatı ilə başlayan açılış mərasimində, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov açılış sözü ilə çıxış edərək, bütün qonaqları salamlayıb. Yarışda mübarizə aparacaq bütün gimnastlara uğurlar arzulayan F. Qayıbov, çempionatı açıq elan etdi və ardıyca sevilən müğənnimiz Sevda Ələkbərzadə Dövlət Himnimizi səsləndirdi.

Daha sonra isə mərasimin bədii hissəsinə keçid alınıb. Daha sonra meydança yeniyetmələrdən ibarət qrup komandalarına təhvil verilib. Ən yüksək xal almaq uğrunda bir-biriləri yarışan 20 komanda, xalça üzərində 5 halqa ilə öz kompzosiyalarını təqdim ediblər.

Ölkəmizi qrup yarışlarında təmsil edən, Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə və Fəridə Səfiyarzadə 5 halqa ilə çıxışlarına görə 21.650 xal alaraq, çempionatın ilk günü finala vəsiqəni təmin ediblər. Gimnastlarımızın növbəti təsnifat çıxışları 18 may tarixində 5 lent ilə olacaq.

Sabah isə çempionatda mübarizəyə fərdi proqramda çıxış edən böyük gimnastlar qoşulacaqlar. Ölkəmizi bu proqramda Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcəklər. 

Müəllif: Bəhruz MƏMMƏDOV