"Topaz" əməkdaşlığı dayandırdı, "Nike" topla təmin edəcək
ESTAFET/ Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün püşkatma mərasimi keçirildi. Mərasimdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, elita klublarının təmsilçiləri, jurnalistlər, futbol ictimaiyyətinin digər nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev qısa məlumatdan sonra sözü PFL prezidenti Ramin Musayevə verdi. Qurum rəhbəri çıxışı zamanı bir sıra məqamlara toxundu:
“Bütün klublara uğurlar arzulayıram. İnşallah, güclü olan qalib gələr və ölkəmizi avrokuboklarda layiqincə təmsil edər. “Neftçi” və “Qarabağ”ın avrokuboklarda çıxışını uğurla davam etdirməsi hamımızı sevindirir. Xüsusən “Arsenal” (Rusiya) üzərində qələbəni qeyd etmək istəyirəm - avrokuboklarda rus komandalarına qarşı ilk qələbəmiz idi və orada yaşayan həmvətənlərimizə böyük sevinc bəxş etdi. Peşəkar Futbol Liqası yaranan tarixdən milli çempionatımızda yer tutan klubların avrokuboklarda tutduqları yerə uyğun nəticələr göstərməsi bizi sevindirir və şəffaflığı təmin edə bildiyimizi göstərir. Bu mövsümdən “Topaz”la əməkdaşlığımız dayandırıldı. Peşman deyilik. Xarici bukmeyker kontorlarından birindən yaxşı təklif almışıq, hələki adını çəkməyəcəyik. Sponsorluq üçün “Topaz”dan daha yaxşı şərtlər irəli sürülüb. Komandalara mövsüm üçün 100 ədəd “Nike” topları hədiyyə olunacaq. Topların klublara verilməsində AFFA-nın baş katibi Elxan Məmmədovun əziyyəti böyükdür, ona təşəkkürümüzü bildiririk. Çempionatımız 16 avqust tarixində start götürəcək. Bu mövsümdən yeni elektron sistemimiz fəaliyyət göstərəcək. Klublar legionerlərin ödənişini vaxtında verməsə, həmin oyunçunun adını elektron protokola yaza bilməyəcək. Bu, həmçinin cəriməli oyunçulara da aiddir.”