Çempionun quru seriyası qırıldı
ESTAFET/ “Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk qolunu buraxıb. Ağdam klubunun quru seriyası “Zirə” ilə V turun matçında qırılıb. 3:1 hesablı qələbə qazanan əyalət klubunu 88-ci dəqiqədə Xulio Sezar Rodriges məyus edib.
İlk 4 turda “Keşlə”ni 1:0, “Qəbələ”ni 3:0, “Səbail”i 4:0, “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən “Qarabağ” son qolunu ötən mövsüm buraxmışdı. 2018/19 mövsümünün XXVIII turunun mayın 11-də baş tutan qarşılaşmasında “Neftçi”ni 3:2 hesabı ilə məğlub edən ağdamlılar iki dəfə topu qapısında görmüşdü. Canluka Sansonenin 40-ci dəqiqədə vurduğu qoldan 135 gün sonra çempionun qapısına yol tapmaq mümkün olub. “Qarabağ”ın quru seriyası 498 dəqiqə sürüb.