Karateçilərin Azərbaycan çempionatı başlayıb
ESTAFET/ Noyabrın 22-də Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 20-ci respublika birinciliyinin, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Müxtəlif yaş qruplarında mübarizə aparan idmançılara uğurlar arzulayan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkəmizdə idmanın digər növləri kimi, karatenin də inkişafına yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb. Y.Bəşirov ölkəmizdə karatenin kütləviliyinin artırılması, gənc istedadlı idmançıların müəyyənləşdirilərək üzə çıxarılması baxımından belə turnirlərin əhəmiyyətini qeyd edib.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əhəd Əliyev çıxışında ölkəmizdə karatenin inkişafından və idmanın bu növü üzrə qazanılan nailiyyətlərdən məmnunluq ifadə edb. Oktyabrda Çilidə dünya çempionatında 4 medal qazanan yeniyetmə və gənclər milli komandasının fərqlənən heyəti səhnəyə dəvət olunaraq təbrik olunub.
Mərasimin bədii hissəsində nümunəvi çıxışlar və azyaşlı karateçilərin rəqsi nümayiş olunub.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışlarda müxtəlif regionlardan 585 uşaq, yeniyetmə, gənc və böyüklər mübarizə aparır. Respublika çempionatının mükafatçıları ayrı-ayrı yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunaraq gələn il keçiriləcək yarışlarda Azərbaycanı təmsil edəcəklər.