Karateçilər ilin ilk turnirində 21 medal qazandılar

ESTAFET/ 3-5 yanvar tarixlərində İstanbulda beynəlxalq "Bosphorus Cup" turunirində iştirak edən Azərbaycan karateçiləri ənənəvi yarışı 21 medalla başa vurublar. Mükafatlardan beşi qızıl, bir o qədəri gümüş, on biri isə bürüncdür.

Milli komandanın məşqçiləri Şahin Xudaverdiyev (kumite) və Anar Əhmədovun (kata) rəhbərliyi ilə tatamiyə çıxan idmançılarımızdan qızıl medalları Rafael Məmmədov (52-60 yaşlı veteranlar, kata), Samir Məmmədov (-75 kq), Mədinə Sadıqova (21 yaşadək gənclər, -60 kq), Eldar Əhmədov və Sahib Əhədov (para-karate), gümüş mükafatları isə Qasım İskəndərov (-75 kq), Elvin Ağayev (+84 kq), Fərid Savadov (16-17 yaşlı gənclər, -55 kq), Soltan Allahquliyev (13 yaşlı uşaqlar, -45 kq) və Ülvi Zeynalov (para-karate) qazanıb.    

Məhəmməd İsmayılov (-67 kq), Fərid Şahbazlı (-75 kq), Novruz Əliyev (-84 kq), Ceyhun İsmayılov (kata), Renata Ərəbli (-61 kq), Kəmalə Hüseynova (+68 kq), Qasım İsgkəndərov (21 yaşadək gənclər, -78 kq), Xəyal Məmmədov və Ceyhun İsmayılov (21 yaşadək gənclər, kata), həmçinin İnci Əzizova (21 yaşadək gənclər, -60 kq) və Adil Əlyar (para-karate) yarışı üçüncü pillədə başa vurub. 

Ümumi hesabda milli komandanın və müxtəlif klubların üzvlərindən ibarət Azərbaycan karateçiləri Türkiyəli idmançılardan sonra ikinci nəticə göstəriblər. Beynəlxalq turnirdə 25 ölkədən 1316 idmançı iştirak edib. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib.

Müəllif: Məsim MƏSİMZADƏ