Federasiya memorandum imzaladı
ESTAFET/ "Karlara Dəstək" İctimai Birliyi və "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Milli Karate Federasiyası eşitmə məhdudiyyəti olan yeniyetmə və gənclərin karate olimpiya idman növü ilə məşqul olmağa cəlb edilməsinə aid əməkdaşlıq məqsədi ilə Üçtərəfli Anlaşma Memorandumu imzalayıb.
Memorandum Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, "Karlara Dəstək" İctimai Birliyinin sədri Kamran Abasov və "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Mövlud tərəfindən imzalanıb.
İmzalama mərasimində Kütləvi İnformasiya Vasitələrinə açıqlama verən tərəfdaşlar, Azərbaycanda əlillərin rahat şəkildə idmanla məşğul olmaları üçün yüksək standartlara cavab verən infrastruktur, o cümlədən paytaxtda və regionlarda inşa edilən Olimpiya İdman Kompeksləri, idman qurğuları, idman təşkilatlarının apardığı işlərin ölkədə əlillərə böyük dəstək verdiyindən danışıblar.
Çıxışlarda gənclər və idman sahələrində aparılan islahatlar, əldə olunan nailiyyətlər, eləcə də, uğurla təşkil edilən beynəlxalq idman tədbirləri haqqında məlumat verilib, bu sahələrə dövlət səviyyəsində göstərilən dəstək xüsusi vurğulanıb. Çıxışlarda həmçinin idmanın əlil insanların cəmiyyətə inteqrasiyasında körpü rolunu oynayan bir vasitə olması qeyd olunub.
Tədbirin sonunda bir qrup eşitmə məhdudiyyətli gənc karateçiyə 7-ci Kyu sarı kəmər və sertifikatlar təqdim olunub. Tədbirdə memorandum tərəfdaşlarının rəsmiləri, eşitmə məhdudiyyətli gənc karateçilər və media nüamyəndələri iştirak edib.
Qeyd edək ki, eşitmə məhdudiyyətli gənc və yeniyetmələrin karate ilə məşqul olmaları üçün federasiya tərəfindən 2 dəst tatami verilməsi ilə yanaşı digər işlərə başlanıb. Müxtəlif yaşlı milli komandaların böyük məqçiləri, əməkdar məşqçilər Şahin və Seymur Xudaverdiyevlərin rəhbərliyi ilə 3 saylı Respublika Xüsusi İnternat Məktəbində və "Qara Qaplan" klubuna məxsus məşq zallarından birində 3 aydır ki, 70-ə yaxın eşitmə məhdudiyyətli gənc və yeniyetmələrə karate məşqləri keçirilir. Məşqlərin effektini yüksəltmək məqsədi ilə Dünya və Avropa çempionatlarının mükafatçıları hazırlıqlara cəlb edilib. Bu təmənnasız işlər arasında beynəlxalq hakim Cahangir Babayevin qatıldığı yarış qaydaları barədə seminarlar, həmçinin federasiyanın Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmova ölkə mediasında informasiya dəstəyi tapşırığı da var.