"Bu il səylərimizi daha da artırmalıyıq": Nigar Arpadari
ESTAFET/ Xəbər verdiyimiz kimi Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti 5-7 iyun 2020-ci il tarixlərində Bakıda sayca 5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə start verib. Şirkətin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və yarışın milli mətbuat katibi Nigar Arpadarai builki yarışa böyük maraq gözlədiyini bildirib:
“Artıq beş ildir ki, biz paytaxtımıza dünyanın ən baxımlı sürət yarışını gətiririk və eynilə dəyərli media təmsilçiləri olaraq sizlər də bu yarışların ən gözəl şəkildə ictimaiyyətə təqdim olunmasında əvəzsiz xidmətlər göstərirsiniz.
Bu il səylərimizi daha da artırmalıyıq. Çünki bu il beşinci yarışa evsahibliyi edirik və həmçinin Formula 1 Dünya Çempionatının da 70 illiyidir. Bu əlamətdar ildə keçiriləcək yarışa biz xüsusilə hazırlaşırıq və inanıram ki, sizlər də öz dəstəyinizlə indidən yarışa töhfə verməyə çalışacaqsınız.
Hər il olduğu kimi bu il də qeydiyyat prosesi ciddi qaydalar əsasında aparılır. Maraqlı olan və şərtləri ödəyən hər bir kəsi tezliklə qeydiyyatdan keçməyə dəvət edirəm. İnanıram ki, bu ilki yarışa hər dəfəkindən daha çox maraq göstəriləcək və beşinci yarışımız ona yaraşan səviyyədə - möhtəşəm şəkildə işıqlandırılacaq”.
Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya accreditation@bakugp.az email ünvanına yaza bilərlər.