GÜLƏŞ FƏNDLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ DƏYİŞİKLİKLƏR
ESTAFET/ Güləş idman növünün daha da populyarlaşması və gülüəş marağın artırılması məqsədilə Dünya Güləş Birliyi güləş qaydalarında mütəmadi olaraq dəyişikliklər edir. Mart ayının 20-dən etibarən bir sıra yeni dəyişikliklər qüvvəyə minib.
Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə bütün yaş qruplarına aid olan qayda dəyişiklikləri:
- Sərbəst güləşdə bütün qayda pozuntuları (xalçadan kənara qaçma, rəqiblə təmasdan qaçma, qaydalar zidd hərəkətlər) xəbərdarlıq və rəqibə 2 xal verilməsi ilə nəticələnəcək. (Yunan-Roma güləşində olduğu kimi)
- Sərbəst güləşdə ayaq üstə edilən və təhlükəli vəziyyətlə yekunlaşmayan bütün atmalar 2 xalla qiymətləndiriləcək. (Yunan-Roma güləşində olduğu kimi)
- Sərbəst güləşdə tətbiq edilən yüksək amplituda ilə icra edilən fənd təhlükəli vəziyyətlə yekunlaşarsa 5 xal, təhlükəli vəziyyət qeydə alınmazsa 4 xalla qiymətləndiriləcək. (Yunan-Roma güləşində olduğu kimi)
- Sərbəst güləşdə 30 saniyə aktivlik vaxtı sonunda güləşçilərdən hər hansı biri xal almazsa passiv olan güləşçinin rəqibinə görüş dayandırılmadan 1 xal veriləcək, aktivlik vaxtı tətbiq olunan güləşçiyə xəbərdarlıq verilməyəcək.
- Görüş zamanı xalça hakimi və yan hakim səhv qərar verərsə, xalça rəhbəri qərarı müzakirə edərkən onlarla birgə video-təkrara baxa biləcək.
- Qanayan zədələnmələr zamanı həkimə müraciət üçün 4 dəqiqə vaxt ayrılacaq. Digər zədələnmələrdə əvvəlki qayda tətbiq ediləcək.
- Yunan-Roma güləşində passivliyə görə tətbiq edilən parter qaydası ləğv edilmişdi. Bu qaydada hər hansı dəyişiklik edilməyib.
QEYD: 8-9 aprel tarixlərində Bolqarıstanda təşkil olunacaq Dan Kolov-Nikola Petrov beynəlxalq turnirində passivliyə görə məcburi parter tətbiq edilməsi qaydası bir daha sınaqdan keçiriləcək və yekun qərar ondan sonra veriləcək.
28 mart - 2 aprel tarixlərində Macarıstanda baş tutacaq U-23 Avropa çempionatı isə partersiz sistem ilə keçiriləcək.