"Karantinin yumşadılması barədə söhbət getmir": Rıbka

ESTAFET/ "Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinin "Komanda1" nəşrinə müsahibə verib. 33 yaşlı qolkiper Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyətə şərh gətirib, eyni zamanda gələcək planlarından bəhs edib.

- Koronavirus pandemiyası səbəbindən Azərbaycan çempionatının vaxtından əvvəl bitməsinə təəccüblənmədiniz?
- Prinsipcə, xeyr. Çünki vəziyyət elə inkişaf edirdi ki, hər şey bu qərara doğur gedirdi. Əlbəttə, çempionatı başa çatdırmaq istədik, amma vəziyyət buna imkan vermədi.

- Yaşadığınız ölkədə və şəhərdə koronavirusla bağlı vəziyyət necədir?
- Vəziyyət yaxşılaşmır. Şəhər yenidən karantindədir. Çöldə qısa müddət - maksimum iki saat qala bilərsən. Belə qaydalar əvvəllər tətbiq edilmişdi, indi təkrarlanır. Yoluxma azalmır, buna görə də karantinin yumşadılması barədə söhbət getmir.

- Futbolçular tapşırıqları necə yerinə yetirirlər? Evdə fərdi məşq edirsiniz?
- Təlim yoxdur, məşq etməyə icazə verilmir. Əlbəttə ki, bunu tətil adlandırmaq olmaz. Ümumiyyətlə, evdə oturub bacardığım qədər istirahət edirəm.

- Ukraynaya qayıtmağınız mümkün deyl?
- Ukraynaya çarter reysi ilə uçmaq imkanı var. Ancaq klubumuz qəti şəkildə buna qarşıdır. "Səbail"lə hələ bir illik müqaviləm var. Əgər ayrılsam, sonra geri dönmək problem olacaq. Hələlik vəziyyət belə görünür. Bəlkə də, sonradan nəsə dəyişəcək.

- Mövcud vəziyyətlə əlaqədar olaraq müqavilənizin maliyyə şərtləri yerinə yetirilirmi?
- Bu barədə hələ heç nə müzakirə edilməyib, heç kim nəsə deməyib. Bildiyimə görə, bununla bağlı heç bir dəyişiklik gözlənilmir. Müqavilədə yazıldığı kimi olacaq.

- “Qarabağ” çempion  oldu, "Neftçi" ikinci, "Keşlə" isə üçüncü yeri tutdu. Bu ədalətli oldu?
- Fikrimcə, bəli. Həmin üç komanda bu mövsüm yaxşı çıxış etdi. Xüsusən də, "Keşlə" inkişaf etdi.

- Gələcək planlarınız nələrdir? Müqavilə müddətinin sonuna qədər Azərbaycanda qalacaqsınız?
- Bəli, karantin yumşaldılana qədər burada gözləyəcəyəm. Ümid edirəm ki, hər şey düzələcək, həyat əvvəlki ritminə dönəcək. Əsas odur ki, insanlar bu virusdan xəstələnməsin, ölməsin. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV