“Tək düşüncəmiz...”: “Sabah”ın baş məşqçisi
ESTAFET/ “Çempionatın ilk turunda “Qarabağ”a rəqib olmağımızla bağlı deyəcək çox şey yoxdur”. Bunu apasport.az saytına “Sabah”ın yeni baş məşqçisi Visente Qomes deyib.
İspaniyalı mütəxəssis Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkatmasını dəyərləndirib. 49 yaşlı çalışdırıcı açılış turunda hansı komanda ilə qarşılaşmağın onlar üçün elə də fərq etmədiyini söyləyib: “Çempionatda, onsuz da, bütün komandalarla qarşılaşacağıq. Hansısa rəqiblə ilk turda da oynaya bilərik, dövrənin sonunda da. Bizim tək düşüncəmiz bütün oyunlara hazırlıqlı olmaqdır”.
Qeyd edək ki, avqust 22-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Sabah” oyunu 20:00-da başlayacaq.