"Söz verməmişik ki, yer tutacağıq": Ayxan Abbasov

ESTAFET/ "Həqiqətən futbol üçün darıxmışdıq. Oyunun ədalətli nəticəsi bərabərlik idi". bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının I tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, yoldaşlıq görüşlərində rəqib o ab-havada olmur. Bu səbəbdən rəsmi matç fərqlidir: "Oyundan-oyuna artıracağıq. Bəzi futbolçuların gec qoşulmaları işimizi hardasa çətinləşdirdi. Futbolçularımızın əzmkarlığından razı qaldım. Bu gün bürünc mükafatçıya, sabit və kompakt oynayan komandaya qarşı çıxış etdik. Bizə vaxt lazımdır. Ötən mövsüm penalti vura bilməyənlər indi yoxdur. Hazırda penalti vuranımız Rəhim Sadıxovdur. Yəqin ki, o da qol vura bilmədiyi üçün üzüldü".

Abbasovun sözlərinə görə, futbolun öz reallıqları var: "Söz verməmişik ki, yer tutacağıq. Hardasa axsaya, uduza bilərik. Qarşımıza məqsəd qoymuşuq ki, gənc futbolçular da yetişsin. Transferlər də edirik. Reallığı görür və hansı yola çıxdığımızı bilirik. Hazırda yolumuz tam başqadır. Bir oyunla qərar vermək düzgün deyil. Biz "Keşlə"dən zəif oynamamışıq. Səbirli olmaq lazımdır. Hədəfimiz var, mübarizə aparacağıq. "Keşlə" bizdən 3 baş üstün olsaydı, sizinlə razılaşardım". 

Baş məşqçinin sözlərinə görə, futbolçuları sabahdan Şimali Makedoniya "Şkendiya"sı ilə oyuna hazırlığa başlayacaqlar. Amma o, rəqib barədə məlumat topladıqlarını və komandasının hazırlıqlı olduğunu əlavə edib.

Müəllif: Orxan NOVRUZOV