“Tokio-2020 koronavirusla da olsa keçiriləcək”: BOK rəsmisi
ESTAFET/ “Oyunlar koronavirusla və ya onsuz keçiriləcək. Yarış gələn il iyulun 23-də başlayacaq”. Bunu Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Con Kouts deyib.
O bildirib ki, Yaponiyanın paytaxtı Tokioda baş tutmalı olan Yay Olimpiya Oyunları təxirə salınmayacaq. Koutsun sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı vəziyyətdən asılı olmayaraq yarış baş tutacaq: “Öncədən bu Oyunların mövzusu Yaponiyanın 2011-ci ildəki sunamidən sonra bərpası olmalı idi. İndi yəqin ki, bu mövzu koronavirus üzərində qələbəyə, tunelin sonunda işığa həsr olunacaq. Təşkilatçıların əsas vəzifəsi yarışın keçirilməsi üçün lazım olan əks tədbirləri nəzərdən keçirməkdir. Bəzi ölkələrdə koronavirus nəzarət altında olacaq, bəzilərində isə yox. Oyunlara idmançılar bütün ölkələrdən gələcək. Olimpiadaya 206 yığma qatılmalıdır. Bir sözlə, təşkilatçılar qarşısında indi miqyaslı vəzifə qoyulub”.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası üzündən 2020-ci ildən 2021-ci ilə təxirə salınıb. (apasport.az)