Əliyev Qarayevi ən güclü sayır
ESTAFET/ “İlin futbolçusunu müəyyən edərkən “Qarabağ” amili ön plana çıxır. Çünki onlar stabil oynayırlar, çempion oldular. Digər klublarda futbolçular qeyri-stabil çıxış edirlər”.
Bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev deyib.
Bir neçə futbolçunun çıxışına toxunan 41 yaşlı mütəxəssis “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevi ən yaxşı seçib: “Ramil Şeydayev yaxşı başlasa da, davamını gətirə bilmədi. Həm “Sabah”da artıq əsas heyətə düşməkdə çətinlik çəkir, həm də qol yollarında problem yaşayır. Amma “Qarabağ”ın oyunçuları Qara Qarayev və Maksim Medvedev daim stabil oynayırlar. Mən bu ikisi arasında seçim etməli olsam, Qaraya üstünlük verərdim. Çünki həm “Qarabağ”da, həm də millidə aparıcı futbolçudur, daim stabil oynayır”.
Qeyd edək ki, buna qədər “Qarabağ” klubunun qapıçısı Şahrudin Məhəmmədəliyev də ilin ən yaxşı futbolçusu kimi Qara Qarayevi seçib. (apasport.az)