MY-nin 43 yaşlı sabiq üzvü karyerasını bərpa edib
ESTAFET/ "Mançester Yunayted"in və Şimali İrlandiya millisinin sabiq qapıçısı Roy Kerroll 43 yaşında karyerasını bərpa edib. 2019-cu ildə futbolçu karyerasının bitirdiyini açıqlayan qolkiper ötən aydan Şimali İrlandiyanın Premyer Liqa təmsilçisi "Danqannon Svifts"in heyətində matçlara çıxır.
Artıq 10 görüşdə forma geyinən Kerroll "Daily Mail"ə (Deyli Meyl) yaşıl meydanlara qayıdışı ilə bağlı danışıb:
"Karantin günləri mənim üçün çox çətin oldu. Nə edəcəyimi bilmirdim. Belə durumda indiki klubumdan mənimlə əlaqə saxladılar. Təklif ürəyimdən oldu. Uzun sürən fasilədən sonra "Danqannon"da oynamağa qərar verdim. Açığı, karyeramı bərpa etmək barədə əvvəllər heç fikirləşməmişdim. Sadəcə, hər şey yürinə düşdü və belə alındı.
Bu ilin iyununda içməyi tərgitməyimin 10 ili tamam olacaq. Bir vaxtlar alkoqol və depressiya ilə bağlı çox ciddi problemlərim olub. Psixoloji gərginlikdən qurtulmaq üçün içir, problemlərimi unudurdum. Ertəsi yenə hər şey təkrarlanırdı...
Məlum pandemiya üzündən hamı evdə qalmalı olanda yenidən depressiyaya düşməkdən və içkiyə qurşanmaqdan ehtiyatlandım. Evdə bir neçə şüşə pivədən başqa nə var ki? Adam istər-istəməz darıxır. O vaxt müalicə olunmasaydım, yəqin ki, indiyə sağ qalmazdım. Xoşbəxtlikdən daha içkisiz darıxmıram".
Qeyd edək ki, 2001-2005-ci illər aralığında MY-nin uğurları üçün çalışan Kerroll "qırmızı şeytanlar"ın formasıyla İngiltərə Premyer Liqasında 49 oyuna çıxaraq 28 top buraxıb. Şimali irlandiyalı "çərçivə" qoruyucusu 2002/2003 mövsümündə çempionluq sevinci yaşayıbsa, 2004-cü ildə İngiltərə Kubokuna sahib çıxıb. (fanat.az)