Eyni tarixdə, fərqli məkanda - EHF Konqresi

ESTAFET/ Avropa Həndbol Federasiyasının (EHF) növbəti Konqresinin keçiriləcəyi məkan dəyişdirilib. Daha öncə 23-24 aprel tarixlərində Lüksemburqda keçirilməsi planlaşdırılan Konqres eyni tarixdə, lakin fərqli məkanda keçiriləcək. EHF İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərara əsasən Konqress Avstriya paytaxtı Vyanada baş tutacaq. Qərar Lüksemburq Həndbol Federasiyası ilə məsləhətləşmələrdən sonra verilib. 

EHF prezidenti Mixael Vidererin sözlərinə görə, Konqresə ev sahibliyi edəcək oteldə baş verən dəyişikliklər səbəbindən tədbirin Lüksemburqda baş tutması mümkünsüz idi. "Bu seçki Konqresi üçün əlbəttə ki, mümkün qədər çox nümayəndənin fiziki olaraq iştirak edə bilməsini arzu edirik və iştirak edən hər kəsin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Eyni zamanda, EHF bütün qanuni tələbləri yoxlayıb və Konqresin hibrid bir hadisə olaraq və ya hətta federasiyaların məlumat mübadiləsində və səsvermə prosesində iştirak edə biləcəyi təqdirdə onlayn iştirak etməklə baş tuta biləcəyi təsdiqlənib" - deyə Viderer əlavə edib. 

Bu Konqresə marağın kifayət qədər yüksək olduğunu söyləmək olar. Belə ki, Konqresdə EHF Prezidenti, İcraiyyə Komitəsi üzvlər vəzifələri də daxil olmaqla 53 yüksək mövqeli vəzifələrə seçkilər keçiriləcək. Bu vəzifələrə isə 38 milli federasiyadan 139 namizəd var. 

 

Müəllif: Natiq NƏSİROV