İki boksçumuz 1/4 finalda

ESTAFET/ Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Yarışın üçüncü günündə Azərbaycan millisinin 5 üzvü rinqə çıxıb.

Kənan Babayev (48 kq) Yari Bonaçina (İtaliya) ilə qarşılaşıb. Boksçumuz 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşü 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə aktivinə yazıb. O, növbəti döyüşündə rusiyalı Malik Saqaypovu sınağa çəkəcək. 

Məhəmmədəli Qasımzadənin (54 kq) də debütü uğurlu alınıb. O, 1/8 finalda ukraynalı Arseni Oniyenkonu 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Təmsilçimiz ikinci qarşılaşmasında Fyodor Kamaninlə (Estoniya) üz-üzə gələcək. 

1/4 final görüşləri iyulun 8-də təşkil olunacaq. 

Babayev və Qasımzadədən fərqli, Tofiq Quliyev (46 kq), Ənəs Ağayev (50 kq) və Mahir Süleymanov (52 kq) uduzaraq, yarışla vidalaşıblar. 

Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə aparacağı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

Müəllif: Natiq NƏSİROV