Millimizin futbolçusu “Antalyaspor”la 5 illik müqavilə bağladı

ESTAFET/ “Antalyaspor” klubu akademiyanın 3 yetirməsi ilə uzunmüddətli peşəkar müqavilə imzalayıb. Super Liqa təmsilçisi ilə yeni sözləşməyə qol çəkənlərdən biri də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ege Bilseldir.

“Antalyaspor”un əsas komandasında 2 matçda meydana çıxan 17 yaşlı hücumçu 5 illik yeni sazişə qol çəkib. Bilsel ən böyük arzusunun Avropada çıxış etmək olduğunu bildirib: “Komandada qaldığım üçün çox sevinirəm. Arzularım çox böyükdür. Ölkə xaricində çıxış etmək istəyirəm. Bu müqavilə isə bu yolda başlanğıcdır”.

Qeyd edək ki, Ege Bilsel ötən il Azərbaycanın U-17, bu il isə U-19 yığmasında meydana çıxıb. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV