Məktəblərdə badmintonun inkişafına həsr olunmuş brifinq keçirilib
ESTAFET/ Azərbaycan Badminton Federasiyası və Azərbaycan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə məktəblərdə badmintonun interaktiv inkişafına həsr olunmuş brifinq keçirilib. Qəbələdə təşkil olunan görüşdə 30-a yaxın məktəb direktoru iştirak edib.
Azərbaycan Badminton Federasiyasının vitse-prezidenti Aynur Səmədova və baş katib Ramil Hacıyev tədbir iştirakçılarını salamlayaraq son zamanlar federasiyada görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən aylar ərzində ölkəmizin 5 regionunda həyata keçirilən “Shuttle Time” proqramı çərçivəsində ümumilikdə 800-ə yaxın idman müəllimi və məktəbli Azərbaycan Badminton Federasiyası tərəfindən təşkil olunan təlimlərdə iştirak edib.
Ardınca Azərbaycan Badminton Federasiyasının məktəblərdə badmintonun tədrisi üçün nəzərdə tutulan yeni layihəsi “Badminton kids” proqramı tədbir iştirkaçılarına təqdim olunub. 4 hissədən ibarət proqrama 2-4-cü sinif şagirdlərinin cəlb olunması nəzərdə tutulub. Məktəblərin məktəbdənkənar fəaliyyətinə dəstək olacaq proqram çərçivəsində məktəblilər federasiya tərəfindən invertarla təmin olunacaq. Məktəblilərə badmintonun nəzəri və praktiki biliklərini aşılamaq üçün federasiya tərəfindən mütəxəssislər ayrılacaq. Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə dəstək olmaq, bu idman növünə maraq oyatmaqdır.
Bundan əlavə, görüşdə tədbir iştirakçılarına bu yay Qəbələ şəhərində və Nardaran qəsəbəsində keçirilməsi nəzərdə tutulan “Badminton shine” yay düşərgəsi ilə bağlı məlumat verilib.
İnteraktiv keçirilən iclasda müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda məktəb direktorları Azərbaycan Badminton Federasiyası ilə fəal əməkdaşlığa görə sertifikatla təltif olunub.