Şəfəq Hüseynli: Milli Antidopinq Qurumlarının ÜADA-da statusu yüksəldilib və səlahiyyətləri genişləndirilib

ESTAFET/ Ümumdünya Antidopinq Agentliyində (ÜADA) Milli Antidopinq Qurumlarının səlahiyyətləri artırılacaq. Belə ki, Milli Antidopinq Qurumları ÜADA-nın Təsisçilər Şurasında  təmsil olunacaq. Bununla bağlı Qərar ÜADA-nın Milli Antidopinq Qurumları üzrə Ekspert Qrupunun təklifi əsasında qəbul edilib. Hələ 2020-ci ildə Ekspert Qrupunun üzvü Şəfəq Hüseynli ölkələr üzrə antidopinq siyasətini həyata keçirən Milli  Antidopinq Qurumlarının qlobal səviyyədə də antidopinq siyasətinin formalaşmasında iştirakının vacibliyini əsas gətirərək bu məsələnin gündəliyə daxil edilməsini təklif etmişdi. Uzun müddətli müzakirələrdən sonra  ÜADA-nın İcraiyyə Komitəsi və Təsisçilər Şurasının may ayının 18-19-da Misirdə keçirilən iclasında  Ekspert Qrupunun məsələ ilə bağlı yekun təqdimatı dəstəklənmişdir. Belə ki, iclasda  ÜADA-nın  ali qurumu olan Təsisçilər Şurasında milli antdiopinq qurumlarının və idmançıların təmsil olunması, habelə Ekspert Qrupunun statusunun yüksəldilməsi və bu istiqamətdə müvafiq struktur islahatlarının həyata keçirilməsi təsdiqlənmişdir. Bununla da, ÜADA-nın Təsisçilər Şurasının üzvlərinin sayı 4 nəfər artırılıb. Onlardan ikisi Milli Antidopinq Qurumlarını, ikisi isə idmançıları təmsil edəcək və qəbul ediləcək qərarlarda səsvermə hüquqları  olacaq.

24-25 may tarixlərində ÜADA-nın Milli Antidopinq Qurumları üzrə Ekspert Qrupunun İsveçrənin Lozanna şəhərində keçirilən iclasının əsas müzakirə mövzusu da məhz həmin struktur və idarəetmə islahatları olub. İclasda Ekspert Qrupunun üzvü AMADA-nın direktoru Şəfəq Hüseynli iştirak edib.

Qlobal səviyyədə antidopinq siyasətinin təkmilləşdirilməsi baxımından vacib olan islahatların gündəlikdə olduğu iclasda  ÜADAN-nın baş direktoru Olivie Niqqli də şəxsən iştirak edib və islahatların icra mexanizmi geniş müzakirə olunub.  Sözügedən islahatlara əsasən Ekspert Qrupunun statusu yüksəldilir və Qrup artıq öz təkliflərini və tövsiyələrini bir başa qərarlaşdırılması üçün Təsisçilər Şurasına təqdim edəcək.

Xatırladaq ki, ÜADA-nın  Milli Antidopinq Qurumları üzrə Ekspert Qrupu 2015-ci ildə yaradılıb və  AMADA 2019-cu ildən qrupda təmsil olunur. Ekspert Qrupunda bütün dünya üzrə cəmi 8 ölkə təmsil olunur ki, onlardan biri də Azərbaycandır. Qrup, milli antidopinq təşkilatları üzrə fəaliyyət strategiyasının hazırlanması və standartların müəyyənləşdirilməsi məsələlərində ÜADA-ya tövsiyələr verir.

Müəllif: Bəhruz MƏMMƏDOV