Neftçala rayonunda ilk dəfə olaraq çimərlik voleybolu üzrə rayon birinciliyinə start verilib
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 23 avqust 2022-ci il tarixdə Şirvanlı kəndi ərazisində, Xəzər dənizi sahilində “Milli Olimpiya Komitəsi”nin yaranmasının 30 illiyi münasibəti ilə Neftçala Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında çimərlik voleybolu idman növü üzrə rayon birinciliyinin açılış mərasimi keçirilib.
Birincilik uğrunda Neftçala rayonunda fəaliyyət göstərən 32 idarə, müəssisə və təşkilatdan ümumilikdə 40 komanda mübarizə aparır.
Çimərlik voleybolunun keçirilməsində məqsəd idmana marağın artırılması, rayonun ən güclü çimərlik voleybolu komandasını müəyyən etmək, Respublika yarışlarında iştirak etmək üçün rayonumuzu təmsil edəcək prespektivli idmançıları aşkar etmək, eyni zamanda, “Milli Olimpiya Komitəsi”nin yaranmasının 30 illiyi münasibəti ilə təsdiq edilmiş tədbirlər planının icrasından ibarətdir.
Qalib komandaların müvafiq olaraq diplom, medal və kubokla təltif edilməsi nəzərdə tutulub.
Yarışlar hər gün saat 10:00-dan etibarən rayonun Şirvanlı kəndi ərazisində, Xəzər dənizi sahilində keçirilir. Final mərhələsi 26 avqust 2022-ci il tarixində keçiriləcəkdir. Rayon sakinlərini ilk dəfə keçirilən çimərlik voleybolu üzrə rayon birinciliyinin oyunlarını izləməyə dəvət edirik.