Kikboksçularımız İtaliyada keçiriləcək dünya çempionatına hazırlaşırlar
Yeniyetmə və gənclərdən ibarət kikboksinq millisi İtaliyanın Yezolo şəhərində keçiriləcək uşaq, yeniyetmə və gənclərin dünya çempionatına hazırlaşır.
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən verilən məlumata görə, dünya çempionatına hazırlıq avqustun 15-dən etibarən başlayıb. Hazırlıqlar gündə 2 dəfə olmaqla baş məşqçi Hikmət Hacıyevin rəhbərliyi altında DİN İdman Cəmiyyətinin kikboksinq zalında keçirilir. Məşq prosesində Qazaxıstanın yeniyetmə və gənclər üzrə millisinin 4 üzvü də iştirak edir. Onlar Bakıda milli komandamızla 10 günlük məşq prosesinə cəlb olunub. Həmçinin, hazırlıqlarda AKF-in I vitse-prezidenti Ramal Aslanov da iştirak edir. Yeniyetmə-gənclər dünya çempionumuzun məşqlərə qatılmasından motivasiya alırlar.
"Hər gün 09:00-12:00 və 18:00-21:00 olmaqla 2 dəfə məşq keçirik. Son Azərbaycan birinciliyinin nəticələrinə əsasən 38 idmançı hazırlıqlarda iştirak edir. Dünya çempionatında bütün versiyalarda – K1, "Low kick", "Kick light", "Point fighting"də təmsil olunacağıq. Həmçinin, 60 kq-da bir qız idmançı – Özləm Həsənova da mübarizə aparacaq", – deyə H.Hacıyev bildirib.
Baş məşqçi bildirib ki, hazırlıqlar sentyabrın 28-dək davam edəcək. Onun sözlərinə görə, bu dəfə hədəf daha çox sayda medal qazanmaqdır: "Ötən il Avropa çempionatında 17 medal qazanmışdıq. Onun 5-i qızıl, 4-ü gümüş və 8-i bürünc medal idi. Bu, ən yüksək nəticəmiz kimi tarixə düşmüşdü. Bu dəfə çox sayda idmançı ilə yola düşəcəyik. İnanıram ki, medal sayımız da bu dəfə çox olacaq. Bu da federasiya rəhbərliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin diqqət və qayğısının nəticəsidir ki, İtaliyaya çox sayda idmançı ilə yola düşəcəyik. Biz də bu etimadı doğrultmaq üçün mümkün olduğu qədər qızıl medal qazanıb, Azərbaycanın bayrağını yüksəltməyə çalışacağıq".
Qeyd edək ki, milli komanda dünya çempionatına sentyabrın 30-da yola düşəcək və oktyabrın 9-dan 10-na keçən gecə Vətənə qayıdacaq.