Azərbaycan nümayəndə heyəti Avropa Voleybol Konfederasiyasının XLIII Baş Assambleyasında iştirak edib
Sentyabrın 22-də Niderlandın Arnhem şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) XLIII Baş Assambleyası keçirilib. Beynəlxalq Voleybol Federasiyasının (FIVB) prezidenti Ari Qraça və CEV prezidenti Aleksandr Boriçiçin rəhbərlik etdiyi Assambleyaya 52 yerli federasiyanın nümayəndələri qatılıb. Yığıncaqda Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri də iştirak ediblər.
Baş Assambleyada ölkəmiz CEV İdarə heyətinin üzvü, AVF-nin vitse-prezidenti Cəlil Cəfərov və AVF-nin baş katibi Fərid Xəlilov ilə təmsil olunub.
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandr Boriçiç iştirakçıları salamlayıb və Arnhem şəhərində baş tutan XLIII Baş Assambleyanın Avropa voleybol ailəsinin son nailiyyətlərindən biri olduğunu qeyd edib: “Hamınızı salamlayıram və sizi burada keçirəcəyiniz vaxtdan səmərəli istifadə etməyə dəvət edirəm. Bir-birinizdən öyrənin və idmanı daha da yüksəltməyə kömək edə biləcək təkliflər, ideyalar irəli sürün. Bu gün 12 ay ərzində görülən işləri nəzərdən keçirəcək və voleybolu daha yüksək səviyyəyə qaldırmaq üçün qarşımızda duran məsələləri müzakirə edəcəyik”.
CEV prezidenti FIVB ilə çox sıx və məhsuldar əməkdaşlıqdan da danışıb. O, son Baş Assambleyadan bu günə kimi 3200-ə yaxın matçın keçirildiyini, pandemiyanın yaratdığı fasilədən sonra Qar Voleybolu yarışlarının yenidən bərpa olunduğunu və 2023 CEV Avrokubok yarışılarında 216 komandanın iştirak etdiyini vurğulayıb. Aleksandr Boriçiç son illər görülən işlərdən də danışıb: "2018-ci ildən idmançılarımız üçün yarışlarda pul mükafatını artırdıq, illik büdcəmizi isə 21 milyon avroya çatdırdıq. Əsas yarışlarımızın mükafat fondunu yüksəltdik, uşaqların idmana gəlişini asanlaşdırmaq üçün yollar tapdıq. 1 və 2-ci kateqoriyalardan olan bir sıra Milli Federasiyalar tarixdə ilk dəfə müxtəlif yaş qrupları üzrə Avropa Çempionatına ev sahibliyi edəcək, bəziləri isə artıq bunu edib. 2019-cu ildən bəri 19 Milli Federasiya Avropa çempionatlarına ev sahibliyi edib və artıq bizə 2025 və 2027-ci illərdə keçiriləcək yarışlara ev sahibliyi etməkdə maraqlı olduqlarını bildirən bir sıra ölkələr var. Bu yaxınlarda Məşqçilər Konvensiyasında 44 Milli Federasiyadan 151 məşqçi və bədən tərbiyəsi müəllimi iştirak etdi və bu layihə bizə bütün Avropada minlərlə uşağı voleybola cəlb etməyə kömək edəcək”.
Sonda Aleksandr Boriçiç əlavə edib: “İkinci dəfədir ki, biz FIVB Konqresi ərəfəsində Baş Assambleyamızı keçiririk. Bu, həqiqətən də onu göstərir ki, biz bir voleybol komandasıyıq və mən FIVB prezidentini əmin edə bilərəm ki, bizim digər Konfederasiyaları dəstəkləmək və onlara kömək etmək üçün gücümüz var. Biz bir-birimizə kömək edəcəyik və hazırda üzərində işlədiyimiz strateji planla əminəm ki, Avropa voleybolunun gələcəyi həmişəkindən daha da parlaq olacaq”.
İclasda iştirak edən FIVB prezidenti Ari Qraça da öz fikirlərini bölüşüb və Avropada, dünyada milli federasiyalara göstərilən dəstəyi vurğulayıb: “Biz hamımız son bir neçə il ərzində voleybolun nə qədər inkişaf etdiyini görürük. Ancaq bu, daha da böyüməlidir. Ona görə də hər dəfə yaxşı ideya görəndə və ya müsbət görüş keçirəndə həmin fikirləri ölkənizə aparın. Hər kəsə göstərin ki, voleybolun inkişafı üçün nə qədər güclü plan qurularsa, o qədər yüksək nəticələr əldə olunar. Çalışmalıyıq ki, cənab Boriçiçin rəhbərliyi altında Avropada qazanılan uğurları digər ölkələr də əldə etsin”.
Qeyd edək ki, Niderlandda təşkil olunan Avropa Voleybol Konfederasiyasının (CEV) XLIII Baş Assambleyasının ardınca 23-25 sentyabr tarixlərində Beynəlxalq Voleybol Federasiyasının Konqresi baş tutacaq.