Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi Niderlandda bir sıra təbirlərə qatılıb

Niderlandın Arnhem şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) XLIII Baş Assambleyasının ardınca iclas və görüşlər keçirilib.

Balkan Voleybol Assosiasiyasının (BVA) və Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Mehmet Üstündağın və CEV İdarə Heyətinin üzvü, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Cəlil Cəfərovun rəhbərliyi ilə assosiasiyaya üzv olan 11 federasiya nümayəndəsinin görüşü olub.

İclasda BVA-nın fəaliyyəti və vacib olan məsələlər müzakirə edilib. BVA prezidenti iştirakçılara yeni sponsorlar haqqında məlumat verib.

Daha sonra Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) iclası keçirilib. EEVZA-ya üzv olan federasiya nümayəndələrinin iştirak etdiyi görüş çərçivəsində quruma prezident seçkiləri də baş tutub.

Səsvermənin nəticəsinə görə, Ukrayna Voleybol Federasiyasının prezidenti Mixaylo Melnik seçkidə yeganə namizəd rəqibi olan Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilovu qabaqlayıb. Beləliklə, M.Melnik seçkidən sonra yenə də EEVZA prezidenti kimi fəaliyyətini davam etdirəcək. Litva Voleybol Federasiyasının prezidenti Çerka Darius və Polşa Voleybol Federasiyasının baş katibi Sek Yaçek EEVZA-nın vitse-prezidentləri kimi fəaliyyət göstərəcəklər. Latviyadan olan xanım İnara Brokane isə qurumun baş katibi vəzifəsində çalışacaq.

Həmçinin Beynəlxalq Voleybol Federasiyasına (FIVB) üzv olan 222 yerli federasiyanın nümayəndələrinin iştirakı ilə 38-ci konqresin açılış mərasimi də baş tutub.

Konqres sentyabrın 25-də yekunlaşacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV