Bu gün Shusha Chess 2022 turnirində son yarış günü olacaq

Shusha Chess 2022 turnirində rapid yarışına yekun vurulub. Bu gün Şuşada ilk beynəlxalq şahmat turnirinin qalibi məlum olacaq.

Son gündə şahmatçılar blitsdə 9 tur yarışacaq.  Hər tur iki oyundan ibarət (ağ və qara fiqurlarla) minimatçlardan ibarət olacaq. Şahmatçılara qələbəyə görə 1, heç-heçəyə görə yarım xal veriləcək.

Rapid yarışlarından sonra kişilərin turnirində Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov 15 xalla liderliyə yüksəlib. Hindistan şahmatçısı Santoş Gujrathi Vidit və iranlı Parham Maqsudlu liderdən iki xal geri qalır.

Qadınların mübarizəsində Nana Dzaqnidze (Gürcüstan) 15 xalla birinci pillədədir. Türkiyə şahmatçısı Kübra Öztürk Örənli 12 xalla ikinci yerdədir. Sonrakı pillələrdə qərarlaşan Xanım Balacayeva, Gövhər Beydullayeva və  Meri Arabidze 9 xal toplayıb.

“Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin hər kateqoriya üzrə qalibi rapid və blits turnirlərində toplanan xalların ümumi sayına görə müəyyən ediləcək.

Müəllif: Natiq NƏSİROV