Şuşada ilk beynəlxalq şahmat turniri başa çatdı

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinə yekun vurulub.

Görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin bağlanış mərasimində ilk olaraq gənclər və idman nazirliyinin şöbə müdiri Elnur Məmmədov çıxış etdi. Şuşada şahmat turnirini tarixi yarış adlandıran nazirlik rəsmisi iştirakçılara ən xoş arzularını çatdırdı. E.Məmmədov Şuşa adının dünya şahmat xəritəsində daim olacağına inandığını  və turnirin ənənəvi xarakter almasının vacib olduğunu dedi.

Çıxışından sonra Elnur Məmmədov yarışa dəstək olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə xatirə hədiyyəsi təqdim etdi.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov əzəmətli Şuşada ilk şahmat turnirinin iştirakçılarına təşəkkürünü çatdırdı: “Şuşadakı yarış azərbaycanlılar üçün ikiqat əhəmiyyətlidir. Ona görə Azərbaycan milli komandasının əksər üzvləri bu turnirdə mübarizə apardı. Mən eyni zamanda əcnəbi şahmatçılara, hakimlərə, partiyaları saytla canlı təqdim edən şərhçilərə, media nümayəndələrinə təşəkkürümü çatdırıram. Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova, Gənclər və İdman Nazirliyinə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə o cümlədən turnirin keçirildiyi Qarabağ otelinin bütün əməkdaşlarına çox sağ ol deyirəm. Gərgin oyunlar izlədik. Şuşa turnirinə olan yüksək maraq ona olan diqqəti daha da artırdı. Yarışın sponsorları SOCAR, regionun ən böyük bankı - ABB və tərəfdaş “Azərxalça” ASC-nə minnətdarlığımı bildirirəm”.

AŞF rəhbəri çıxışdan sonra beşqat dünya, 11 dəfə olimpiya çempionu, Gürcüstanın ən yaxşı idmançısı sayılan Nona Qaprindaşviliyə xatirə hədiyyəsini təqdim etdi.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədr müavini Ceyhun Əlibəyov turnir zamanı iştirakçılar, qonaqlar və rəsmilərin birgə ilmələrlə toxuduğu Shusha Chess 2022 xalçasını Azərbaycan Şahmat Federasiyasına xatirə olaraq bağışladı.

Daha sonra yarışın baş hakimi Faiq Həsənov nəticələri açıqladı. Kişilər və qadınlar arasında yarış müvafiq yerlərə uyğun olaraq şahmatçılara pul mükafatı və hədiyyələr təqdim olundu. Turnirin qalibləri Şəhriyar Məmmədyarov (Azərbaycan) və Meri Arabidzeyə (Gürcüstan) xüsusi olaraq Gürcüstan “Zarabxana” zərgərlik evində hazırlanan kuboklar verildi.

Müəllif: Natiq NƏSİROV