Vüqar Həşimovun xatirəsinə həsr edilən səkkizinci superturnirin açılış mərasimi olub

Görkəmli qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən səkkizinci superturnirin açılış mərasimi olub

Azərbaycanın görkəmli qrosmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən səkkizinci superturnirin dekabrın 18-də təntənəli açılış mərasimi olub.

Turnirin mətbuat xidməti xəbər verir ki, «Fairmont Baku» hotelində təşkil olunan yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

V.Həşimova həsr olunan videoçarx nümayiş etdirildikdən sonra gənclər və idman naziri Fərid Qayıbov ənənə halına çevrilmiş yarışda hamını salamlayıb.

Bildirib ki, Azərbaycan şahmatı haqqında çox danışmaq olar. Əsas odur ki, nəticələrimiz davam edir. Artıq tanınmış şahmatçılarımızın davamçıları yetişib. Gənclər turnirlərdən qızıl medallarla qayıdırlar. Ölkəmizdə şahmat yarışları da baş tutur. Naxçıvanda və Şuşada beynəlxalq turnirlər olub. Ölkəmizdə idmanın bu növünün inkişaf etdirilməsi istiqamətində böyük işlər görülür.

Dörd ildir “Vüqar Həşimov” klubunun təsis edildiyini deyən F.Qayıbov artıq komandanın mötəbər yarışlarda medallar qazındığını böyük məmnuniyyətlə ifadə edib. Nazir ölkədə idmanın inkişafına və kütləviləşməsinə göstərdikləri böyük xidmətə görə Vüqar Həşimovun ailəsinə təşəkkürünü bildirib.

Turnirin Təşkilat Komitəsinin sədri, Vüqar Həşimovun atası Qasım Həşimov qonaqlara və iştirakçılara təşəkkürünü bildirib. Qeyd edib ki, səkkizinci yarışı birgə qeyd edirik. Bu il heyəti formalaşdırarkən müəyyən dəyişikliklər etdik. Turnirə 4 gənc şahmatçı dəvət olundu ki, onlardan 2-si yerli idmançıdır. Digərləri isə hindistanlı Qukeş D və Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovdur. Hər ikisi də güclü şahmatçıdır. N.Abdusattorovu bu il əldə etdiyi uğurlara görə təbrik edir və salamlayıram. Bu il gənc idmançılara özlərini göstərmək üçün şərait yaratdıq. Vüqar da gənc və yeniyetmə yaşlarında özünü göstərməyi bacarmışdı.

“Ailəmiz adından Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Ölkə başçısı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçlə görüşündə "Vüqar Həşimov Memorial"nin əhəmiyyətindən söz açıb. Yarışdakı bütün şahmatçılara uğurlar arzulayıram", - deyə Qasım Həşimov əlavə edib.

Turnirin baş hakimi Lütfiyar Rüstəmov yarışın reqlamenti barədə məlumat verib.

Daha sonra yarışın püşkü atılıb.

Püşkə əsasən, ilk turda Abdulla Qədimbəyli Rauf Məmmədov, çinli Van Hao Şəhriyar Məmmədyarov, Semuel Şenklend (ABŞ) Aydın Süleymanlı, Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov ispaniyalı Valeho Pons, Rumıniya şahmatçısı Riçard Rapport isə hindistanlı Qukeş D ilə qarşılaşıb.

Birinci turda ilk gedişi Vüqar Həşimovun atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov V.Hao ilə Ş.Məmmədyarovun görüşündə edib.

Müəllif: Natiq NƏSİROV