"Neftçi" - "Xarı bülbül" oyunu təxirə salınıb

ESTAFET/ Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının II turunda bu gün keçirilməli olan “Neftçi” - “Xarı bülbül” oyunu təxirə salınıb.

“Neftçi” voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına (AVF) bugünkü qarşılaşma ilə bağlı müraciət ünvanlayıb.

Müraciətdə komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar oyunun təxirə salınması xahiş olunub: "Komandamızın əksər oyunçuları hazırda ölkəmizdə geniş yayılmış qrip virusundan və yüksək hərarətdən əziyyət çəkirlər. Onlar artıq bir neçə gündür ki, məqşlərdə də iştirak edə bilmirlər. Bununla əlaqədar yanvarın 12-nə təyin olunmuş “Neftçi” - “Xarı bülbül” qarşılaşmasının vaxtının dəyişdirilməsini Sizdən xahiş edirik".

AVF rəhbərliyi vəziyyəti nəzərə alaraq bu gün saat 16:00-da keçirilməsi nəzərdə tutulan “Neftçi” - “Xarı bülbül” oyununu təxirə salıb. Həmin matçın keçiriləcəyi tarixlə bağlı yaxın günlərdə məlumat veriləcək.

Beləliklə, bu gün yalnız MOİK - "Murov" qarşılaşması baş tutacaq. Oyun saat 16:00-da start götürəcək və "CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV