Voleybol üzrə Yüksək Liqaların əsasnaməsinə əlavə və dəyişikliklər edilib
ESTAFET/ Bu gün voleybol üzrə 2022/2023-cü illər mövsümündə ölkəmizdə keçirilən Azərbaycan Yüksək Liqalarında iştirak edən komandaların nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Voleybol Mərkəzində təşkil olunan görüşdə AVF-nin vitse-prezidenti Əbülfəz Hüseynov və federasiyanın baş katibi Fərid Xəlilov öncə onlara yeni ildə uğurlar arzu ediblər.
Ə.Hüseynov iclas iştirakçılarına görüş haqqında məlumat verib. Federasiya rəsmisi bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli"dir. Bu münasibətlə Azərbaycan Voleybol Federasiyası da ilin tədbirlər planına bəzi əlavə və dəyişikliklər edib: "Bildiyiniz kimi, biz mövsümün əvvəlində Yüksək Liqa yarışlarının qalibinin altı dövrədən sonra məlum olacağını bildirmişdik. Mart, aprel və may aylarında müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan turnir və yarışlarımızı keçirəcəyik. Bütün bunları nəzərə alaraq Yüksək Liqa yarışlarının əsasnaməsinə bəzi əlavələr edilib. Belə ki, həm kişi, həm də qadın voleybolçular arasında keçirilən Yüksək Liqa yarışlarında komandalar dörd dövrədən ibarət olamaqla mübarizə aparacaq və qalib pley-off mərhələsində müəyyən olunacaq. Dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçün yeri tutan klubla üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Baş katib Fərid Xəlilov qeyd edib ki, əsasnaməyə edilən dəyişikliklər ölkə çempionatının gərginliyini və marağını daha da artıracaq. Qarşıda klublarımızı maraqlı, gərgin yarış və turnirlər gözləyir. Həmin yarışlarda iştirak edəcək komandaların sayı Yüksək Liqa ilə müqayisədə çox olacaq. Xəlilov vurğulayıb ki, bu yarışlarda I Liqa komandalarının da iştirakı planlaşdırılır.
Sonda görüşdə iştirak edən klubların razılığı əsasında Yüksək Liqanın əsasnaməsinə əlavə və dəyişikliklər edilib. Belə ki, Yüksək Liqada komandalar nəzərdə tutulduğu kimi altı dövrə yox, dörd dövrədən ibarət olamaqla mübarizə aparacaq və qalib pley-off mərhələsində müəyyən olunacaq.