Voleybolçu qadınlar arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Bu gün Yüksək Liqanın XI turunda ilk olaraq meydana "Abşeron" və "Azərreyl" klubları çıxıblar. Qarşılaşma gözlənilənlərin əksinə "Abşeron"un üstünlüyü ilə başlayıb. Çempionatın liderini ilk iki hissədə məğlub edən komanda 2:0 hesabı ilə önə keçib. Bundan sonra "Azərreyl" təşəbbüsü ələ alıb və ümumi hesabı bərabərləşdirib. Cütün qalibinin adına isə tay-brekdə aydınlıq gəlib. Bu hissədə yenə güclü rəqibinə ciddi müqavimət göstərən "Abşeron" yekunda 3:2 (25:21, 26:24, 24:26, 16:25, 15:8) hesabı ilə qələbə qazanıb.

Turun ikinci matçı UNEC və "Murov" kollektivləri arasında olub. Bu oyunda sensasiya qeydə alınmayıb və "Murov" çətinlik çəkmədən quru hesablı (3:0) qələbə qazanıb.

Beləliklə, 11 turda sonra "Azərreyl" 26 xalla turnir cədvəlində liderliyini davam etdirir. Bugünkü qələbədən sonra xallarının sayını 20-ə çatdıran "Abşeron" 2-ci pilləyə yüksəlib. Eyni xala malik "Murov" set fərqinə görə 3-cü yerdədir. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

Yüksək Liqa

XI tur

"Abşeron" - "Azərreyl" 3:2 (25:21, 26:24, 24:26, 16:25, 15:8)

UNEC - "Murov" 0:3 (15:25, 21:25, 20:25)

Müəllif: Bəhruz MƏMMƏDOV