ÇİN QRAN PRİSİNDƏ MÜƏMMA DAVAM EDİR

ESTAFET/ Çin Qran Prisinin gələcəkdə Formula 1 təqvimində qalması Liberty Media və marketinq agentliyi olan Lagardere Sports arasında bağlanan müqavilədən sonra xeyli artıb. Formula 1-in yeni rəhbərliyi dünyanın ən çox insan yaşayan ölkəsinin bütün potensiallarından istifadə etmək istəyir.


Çin Qran Prisi 2018-ci ilin ilkin təqvimində yer alsa da, yarışın təşkilatçıları ilə bu barədə hələ də müqavilə imzalanmayıb. Lakin Çin bazarının perspektivləri Formula 1 rəhbərləri və çempionatın sponsorları üçün olduqca vacibdir.

 

Şon Bratçes: “Bizim Sinqapur, Suzuka, Sepanq və Şanxay traslarının rəhbərləri ilə əvvəlcədən sıx əlaqələrimiz var. Bu regionda 2004-cü ildən bəri 8 milyon idmansevər yarışları tribunadan izləyib. Biz əyləncəli tədbirlərlə bu statistikanı yaxşılaşdırmaq, daha çox insanın marağını çəkmək istəyirik. Biz Çin bazarında təcrübəsi olan Lagardere Sports ilə əməkdaşlıq etməkdən məmnunuq və bunun müsbət nəticəsinin olacağına inanırıq”.