Ölkə birinciliyində ikinci finalçı bəlli oldu
ESTAFET/ Bu gün voleybolçu qadınlar arasında Yüksək Liqada yarımfinalın son matçı keçirilib.
Voleybol Mərkəzində təşkil olunan bu görüşdə "Abşeron" və "Murov" klubları üz-üzə gəliblər.
Bu komandaların ilk iki oyununda tərəflər hərəyə bir qələbə qazandığından əlavə oyuna ehtiyac yaranmışdı. Həlledici olan bu qarşılaşmaya "Abşeron" daha yaxşı başlayıb və ilk setdə çətinlik çəkmədən qalib gəlib - 25:16. Bu üstünlüyünü sonadək qoruyan "Abşeron" klubu "Murov"un ciddi müqavimətinə baxmayaraq, növbəti hissələri 25:21 və 25:21 hesabları ilə öz xeyrinə yekunlaşdırıb və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Beləliklə, rəqibi üzərində iki qələbə qazanan "Abşeron" finala vəsiqə qazanıb. Komanda çempionluq yolunda "Azərreyl"ə rəqib olub. "Murov" isə bürünc medal uğrunda UNEC-ə qarşı yarışacaq.
Ölkə birinciliyinin reqlamentinə əsasən, final və üçüncülük oyunları 3 qələbəyədək davam edəcək. Bu mərhələnin qarşılaşmalarının keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.