Azərbaycan və Türkiyə Qolf federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Azərbaycan Qolf Federasiyasının (AGF) prezidenti Rauf Xəlilov və Türkiyə Qolf Federasiyasının (TGF) prezidenti Yıldırım Dəmirörən iki ölkə federasiyaları arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq sazişi imzalayıblar.
TGF-nin İstanbulda yerləşən ofisində keçirilən imzalanma mərasimində Yıldırım Dəmirören və Rauf Xəlilov, həmçinin Türkiyə Qolf Federasiyası İdarə Heyətinin üzvləri İsmayıl Həsən Akçakayalıoğlu, Murat Karaduman, Serhat Soysal, Azərbaycan Qolf Federasiyasının sədr müavini Anar Əzimov, Azərbaycan Qolf Federasiyasının baş katibi Leyla Abbasova iştirak edib.
Əməkdaşlıq müqaviləsi çərçivəsində məşqçi təlimləri, gənclərin inkişaf proqramları, hakim hazırlığı, infrastrukturun inkişafı, oyunçuların beynəlxalq səviyyədə yarışmalarına imkan yaratmaq üçün yarış təşkilatları, ölkədə idmançıların sayının artırılması, texniki məsələlər üzrə qarşılıqlı ekspertiza və digər məsələlərdə birgə işlər keçirilməsi nəzərdə tutulub.
Müqaviləyə əsasən Türkiyə və Azərbaycan hər yaşda olan qolf komandaları arasında bütün kateqoriyalar üzrə xüsusi matçlar və ikili düşərgələr təşkil edəcək.
Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov çıxışında bildirib ki, bu müqavilə iki ölkə arasında əsl qardaşlıq və dostluğun sübutudur:
"Qürur hissi ilə bölüşürəm ki, dövlətimiz ölkəmizdə idmanın inkişafına böyük önəm verir. Azərbaycanda qolf digər idman növləri kimi populyar olmasa da, biz bunu həyata keçirtmək əzmindəyik. Bu idman növünün ölkəmizdə də inkişafı üçün hər cür səy göstəririk. Qolfun inkişafına sadiqliyimizin ən mühüm nümunəsi qardaş qonşumuzdur. Bu müqavilə iki ölkə arasında əsl qardaşlıq və dostluğun sübutudur. Bu qolf sahəsində ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində mühüm addımdır. Məqsədimiz qolfun inkişafı sahəsində bilik, təcrübə paylaşımını təmin etmək, qolf turizmini ölkəmizdə inkişaf etdirmək və beynəlxalq qolf tədbirlərini regionumuza cəlb etməkdir. Bu əməkdaşlıq qolfçularımıza və qolf həvəskarlarımıza bir-birindən öyrənmək, təcrübələrini bölüşmək və qolf oynamağa olan ortaq istəyimiz vasitəsilə dostluğu möhkəmləndirmək üçün əvəzolunmaz imkanlar verəcək”.
Türkiyə Qolf Federasiyasının prezidenti Yıldırım Dəmirörən isə, "Biz Azərbaycan və Türkiyə olaraq eyni taleyi paylaşan, eyni hadisələrə kədərlənən və eyni hadisələrə sevinən yeganə millətin iki dövlətiyik. Biz birlikdə çalışdığımız üçün fəxr və xoşbəxtik. Federasiyalarımız arasında texniki təcrübə, məlumat mübadiləsi və ölkələrimizdə qolf idman növünün inkişaf etdirilməsi məqsədilə milli və beynəlxalq tədbirlər və turnirlər təşkil etməkdən qürur və xoşbəxtlik duyarıq" deyə çıxışında bildirib.