Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının qalibi bəlli olub
ESTAFET/ Bu gün Voleybol Mərkəzində üçüncülük uğrunda və finalın son matçları keçirilib.
İlk olaraq meydana bürünc medal üçün yarışan "Neftçi" və MOİK klubları çıxıb. Əvvəlki iki qarşılaşmada uduzan MOİK bu oyuna daha yaxşı başlayıb və ilk seti 25:21 hesabı ilə qalib başa vurub. Lakin komanda üstünlüyünü qoruya bilməyib və gərgin keçən növbəti setlərdə "Neftçi" (25:22, 25:15, 28:26) hesabları ilə qalib gəlib. Bununla da 3 qələbə qazanan "Neftçi" Yüksək Liqanın bürünc medalına sahib çıxıb.
Daha sonra çempionluq üçün yarışan "Murov" və "Xarı bülbül" komandaları meydana çıxıblar. Cütün ilk iki oyunu "Murov"un qələbəsi ilə yekunlaşmışdı. "Xarı bülbül" qızıl medal uğrunda mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Lakin təşəbbüsü əldən verməyən “Murov” 3:0 (25:16, 25:10, 25:16) hesabı ilə qalib gəlib.
Final mərhələsində üç qələbə qazanan "Murov" Azərbaycan çempionu adını qazanıb.
Beləliklə, "Murov" qızıl, "Xarı bülbül" gümüş və "Neftçi" bürünc medal qazanıb. MOİK isə Yüksək Liqanı dördüncü pillədə başa vurub.
Final matçından sonra Azərbaycan çempionatı Yüksək Liqa (qadınlar və kişilər) yarışlarının qaliblərinin mükafatlandırma və birinciliyin bağlanış mərasimi keçirilib.
Azərbaycan çempionatı
Yüksək Liqa (kişilər)
20 aprel
Üçüncü yer uğrunda (3-cü oyun)
“Neftçi” - MOİK 3:1 (21:25, 25:22, 25:15, 28:26)
Final (3-cü oyun)
“Xarı bülbül” - “Murov” 0:3 (16:25, 10:25, 16:25)
Keçirilmiş oyunların nəticələri
(1-ci oyunlar)
"Xarı bülbül" - "Murov" 1:3 (25:20, 20:25, 19:25, 17:25)
"Neftçi" - MOİK 3:0 (25:19, 25:18, 26:24)
(2-ci oyunlar)
"Murov" - "Xarı bülbül" 3:0 (25:18, 25:18, 25:16)
MOİK - "Neftçi" 1:3 (25:16, 23:25, 17:25, 23:25)