Milli komandamız Özbəkistanda beynəlxalq yarışda mübarizə aparır
Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 milli yığma komandası Özbəkistanda keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı “The Tour Oqtosh - Chorvoq - Mountain” yarışında iştirak edir. Velosipedçilərimiz mayın 10-da fərdi ötüşmə növündə güclərini sınayıblar.
Yarışda milli komandamızın tərkibində Musa Mikayılzadə, Şahin Eyvazov, Nəcəf Bağırov, Samir Cəbrayılov, Kamran Mirzəxanov, Mikayıl Səfərli, Yusif İsmayılov və Aqşin Bağırlı mübarizə aparıblar.
Azərbaycan, Qazaxıstan, Yunanıstan, Filippin, Tayland və Özbəkistanı (5 komanda) təmsil edən ümumilikdə 10 komandanın tərkibində 56 idmançı bu növ üzrə 10 km məsafə qət ediblər.
Velosipedçilərimizdən ən yaxşı göstəriciyə Musa Mikayılzadə imza atıb. O, 25 dəqiqə 27 saniyə nəticə ilə 20-ci yerdə qərarlaşıb.
Digər idmançılarımızdan Kamran Mirzəxanov (0:28:24) 39-cu, Samir Cəbrayılov (0:28:50) 41-ci, Şahin Eyvazov (0:29:01) 43-cü, Mikayıl Səfərli (0:29:31) 47-ci, Aqşin Bağırlı (0:29:37) 48-ci, Yusif İsmayılov (0:29:41) 49-cu, Nəcəf Bağırov (00:30:03) 52-ci yerlə kifayətləniblər.
Fərdi ötüşmə növü üzrə yarışın qalibi 20 dəqiqə 27 saniyə nəticə ilə Özbəkistanın “Namangan” komandasının üzvü Ulugbek Saidov olub.
Qeyd edək ki, mayın 11-də milli yığma komandamız qrup ötüşməsi növündə mübarizə aparacaq.