Türkiyə millisinin təcrübəli üzvü Yusuf Dikeç isə finalda məğlub olmalarının səbəbini açıqlayıb
Bu gün 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında Türkiyə komandasının üzvləri Şevval İlayda Tarhan və Yusuf Dikeç birliyi gümüş medal qazandı. Yarışın əsas qalibləri – qızıl medal sahibləri Eşa Sinqh və Şiva Narval cütlüyü olub. Çinlilər C.Ranxin və J.Boven cütlüyü isə bürünc medala yiyələniblər.
Hindistanlı kişi atıcı Şiva Narval qızıl medalı çətinliklə qazandıqlarını söyləyib:
“Yarış çox gözəl keçir. Burdakı həmkarlarımdan çox şey öyrənirəm. Texniki məsələlər, prosedur qaydalarıyla bağlı biliklərimi yeniləyirəm. Həm də, özümə əminlik yaranır. Açığı, medal qazanmaq mənim üçün o qədər də çətin olmadı. Təbii ki, bunun davamı olacaq. İstəyirəm ki, Olimpiya Oyunlarında bu nəticəni təkrarlayım”.
O, mundiala ev sahibliyi edən paytaxtımız barədə xoş sözlər deyib:
“Bakı çox gözəl şəhərdir. İnsanları da istiqanlı, mehriban və qonaqpərvərdilər. Burada olmaqdan məmnunam”.
Türkiyə millisinin təcrübəli üzvü Yusuf Dikeç isə finalda məğlub olmalarının səbəbini açıqlayıb. Eyni zamanda güclü azarkeş dəstəyinin onlara güc verdiyini bildirib:
“Finala birinci olmaq üçün çıxmışdıq. Ötən gün mənim üçün heç də yaxşı keçməmişdi. Məyus olmuşdum. Bu gün yaxşı oldu, amma birinci ola bilmədik. Qismət. Olmayanda olmur. Azarkeş dəstəyini hiss etdik. Türkiyə milli komandasının heyətində 20 nəfərik. Yarış zamanı tribunadan gələn alqış səslərini eşidəndə, özümüzü arxamızda sanki ordu varmış kimi hiss edirik. Bizim ürəyimiz Azərbaycanla, Azərbaycanın ürəyi də bizimlə döyünür. Bunu yarış zamanı hiss edirik”.
O, 23 yaşlı komanda yoldaşı Sevval İlayda Tarhanın atış zamanı dəqiqlik nümayiş etdirə bilməməsi haqda danışıb:
“İlayda hələ gəncdir. Zaman keçdikcə təcrübə toplayacaq. Yavaş-yavaş inkişaf edir. Zamanla o da uğurlar qazanacaq və onunla yaxşı komanda yoldaşı olacağıq”.
Təcrübəli atıcı Azərbaycanın dünya çemıpionatını yüksək səviyyədə keçirdiyini və belə yüksək səviyyədə təşkilatçılığı dünyada az sayda ölkənin bacardığını vurğulayıb:
“Azərbaycan bizim üçün uğurlu yerdir. Qardaş ölkəyə nə zaman gəlsək, medalla qayıdırıq. Heç vaxt əliboş dönməmişik. Turnir də çox gözəl təşkil olunub. Nə poliqon, nə məşq meydançaları, nə də otel sarıdan heç bir problem yoxdur. Hər şey yüksək səviyyədədir. Bunu dünyada bacara biləcək bir neçə ölkə var ki, onlardan biridir. Azərbaycan bunun üstünlüyünü yaşayır. Çünki bütün idman növləri üzrə önəmli turnirlər bura həvalə edilir. İnşallah, növbətii illərdə yenə davam edəcək. Belə turnirlərin Azərbaycanda keçirilməsi ölkənin dünyada tanınması ilə yanaşı, gəncləri üçün də önəmlidir. Onlar üçün motivasiyadır. Azərbaycanı çox sevirik. Turnirdə əməyi keçən hər kəsə təşəkkür edirik”.