Azərbaycan yığması çövkən üzrə dünya çempionatının qalibi olub

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb. Noyabr ayının 8-də çövkən üzrə dünya çempionatının üçüncülük uğrunda və final oyunları keçirilib.
Bürünc medalı Özbəkistanı 5:0 hesabı ilə məğlub edən Polşa komandası qazanıb. Onların qollarına Marek Setkeviç (3), Marta Şostak və Marianna Olbrıx imza atıblar.
Finalda isə Azərbaycan yığma komandası mərakeşli rəqibləriylə qarşılaşıb. Matç milli çövkənçilərimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qollarını Tərlan Qurbanəliyev (2), Şamil Budaqov və Şahmar Nağızadə vurublar.
Dünya çempionatı adını qazanan komandamızın üzvü Tərlan Qurbanəliyev həm də 6 qolla çempionatın bombardiri olub.
