Boksçularımız Polşa səddini keçə bilmədilər

Xəbər verdiyimiz kimi, Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

Yarışın ikinci günündə Azərbaycan millisinin daha 7 idmançısı mübarizəyə qoşulub. Onlardan 3-ü qalib, 4-ü məğlub olub.

Nicat Hüseynov (51 kq) ilk görüşündə Françesko Messineo (Almaniya) ilə qarşılaşıb və inamlı qələbə qazanıb – 5:0. O, noyabrın 16-sı 1/4 finalda italiyalı Fares Al-Assi ilə döyüşəcək. 

Ruslan Qədirov (54 kq) 1/8 finalda Tommaso Skiaccanı (İtaliya) 3:2 hesabı ilə məğlub edib. Qədirov da noyabrın 16-da baş tutacaq 1/4 finalda türkiyəli Kaya Canla qarşılaşacaq.

Maqsud Xasmetov (60 kq) Berat Çiveleki (Türkiyə) mübarizədən kənarlaşdırıb. Milli üzvü 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb. O, sabah 1/8 final çərçivəsində irlandiyalı Kallum Ovenslə münasibətinə aydınlıq gətirəcək.

Qadınların mübarizəsində Zeynəb Rəhimova (54 kq), kişilərdə isə Seyid Seyidov (86 kq) və Mirxəyal Məmmədov (92 kq) Polşadan olan boksçularla qarşılaşırdılar. Təəssüf ki, Polşa səddi idmançılarımız üçün keçilməz oldu və hər 3 idmançımız 0:5 hesabı ilə ağır məğlubiyyətə uğradılar.

Ən ağır çəkidəki (+92 kq) boksçumuz Aslan Mövsümov isə alman rəqibi ilə görüşün 3-cü raundunda nokauta düşərək mübarizəni dayandırdı.  

Qeyd edək ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 6 boksçusu - Maqsud Xasmetov (60 kq), Cəlal Qurbanov (63.5 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq), Daniel Holostenko (75 kq), Murad Allahverdiyev (80 kq) rinqə çıxacaq. 

Müəllif: Natiq NƏSİROV