MİLLİMİZ MUNDİALLAR TARİXİNİN 10 KOMANDASINDAN BİRİDİR

ESTAFET/ Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) Hamburqda (Almaniya) keçiriləcək dünya çempionatı ərəfəsində mundiallarda ən çox medal qazanan ölkələrin siyahısını dərc edib. 1974-cü ildən təşkil olunan və 18 dəfə baş tutan yarışın tarixində ən çox mükafata yiyələnən 10 millinin adı açıqlanıb.


Azərbaycan yığması da bu "10-luq"da yer alıb. Müstəqillik əldə etdikdən sonra mundiallarda çıxış edən komandamız arxada qalan çempionatlarda ümumilikdə 17 medal qazanıb. Bunlardan 5-i qızıl, 4-ü gümüş və 8-i bürüncdür. Millimiz bu göstəricidə dünyanın 10-cusudur.


Cədvələ Kuba başçılıq edir – 128 medal (71 qızıl, 32 gümüş, 25 bürünc). Rusiyanı SSRİ yığmasının varisi kimi tanıyan AIBA onların göstəricisini ümumiləşdirib. Bu səbəbdən də şimal qonşularımız 107 mükafatla (38-32-37) ikincidir. İlk "üçlüy"ü hesabında 41 medal (16-9-16) ABŞ qapayır.


"Onluq"da Qazaxıstan, Bolqarıstan, Rumıniya, İtaliya, Ukrayna və Özbəkistan yığmaları da yer alıblar.


Qeyd edək ki, sayca 19-cu dünya çempionatı avqustun 25-də start götürəcək.