HERÇƏQANİ KOMANDAMIZA 2-Cİ QIZILI QAZANDIRDI
ESTAFET/ Xəbər verdiyimiz kimi, Taypeydə təşkil olunan 29-cu Dünya Yay Universiadası davam edir. Bugün Oyunlarda 12 nəfərlə mübarizə aparan taekvondoçularımızdan daha 4-ü dayanq üzərinə çıxıb.
Təmsilçilərimizdən 80 kq çəki dərəcəsində yarışan Milad Beigi Herçəqani Oyunların qalibi adını qazanıb. Herçəqani ardıcıl olaraq, Jan Miçel Fernandezi (Portuqaliya) 29:1, Boqdan Qreçkini (Rusiya) 25:8, Hidenori Ebatanı (Yaponiya) 32:15 hesabları ilə məğlub edərək yarımfinala çıxıb. Burada meydan sahibi Vey Tinq Liunu (12:4) da rahat keçən taekvondoçumuz finala adlayıb. Qızıl medal uğrunda ispan Raul Qarsiya ilə qarşılaşan Herçəqani 6:3 hesablı qələbə ilə Oyunların çempionluğunu bayram edib.
Digər təmsilçilərimizin çıxışlarına gəlincə, 58 kq çəki dərəcəsində yarışan Əli Məmmədov Luka Qiotti (San-Marino) ilə olan ilk qarşılaşmadan qələbə ilə ayrılsada (24:4), davamını gətirə bilməyib. Növbəti mərhədə Tavin Hanprab (Tayland) gülən tərəf olub - 7:21.
Bu gün qadınların mübarizəsində də 2 təmsilçimiz yarışlara qoşulmuşdu. 67 kq-da yarışan Fəridə Əzizova ilk görüşdə iordaniyalı Culyana Əl Sadeqə minimal hesabla qalib gəlib 5:4. Növbəti mərhələdə isə Koreya təmsilçisi Jandi Kimə minimal hesabla - 3:4 məğlub olub və mübarizəni dayandırıb.
Digər qadın taekvondoçumuz Safiye Polat da eyni aqibəti yaşayıb. İlk görüşündə Kurtni Ordliyə (B.Britaniya) qalib gələn Safiye növbəti mərhələdə türk İpek Çidem qarşısında aciz qalıb - 2:9.