Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək

Özbəkistanda keçirilən “İpək Yolu üzərində turizm” mövzusuna həsr olunan “Daşkənd Beynəlxalq Turizm Sərgisi” çərçivəsində Avrasiya Dağ Kurortları Alyansı nümayəndələrinin  iştirakı ilə tədbir  keçirilib.

Tədbirdə Alyansın fəaliyyəti dövründə  üzv dövlətlərlə  əməkdaşlıq əlaqələrinin inkişafı, iş birliyinin  genişləndirilməsi istiqamətində həyata keçirilən işlər  və  yeniliklər müzakirə olunub.

Tədbir  çərçivəsində Alyans üzvlərinə və  tədbir iştirakçılarına “Şahdağ” Turizm Mərkəzinin kommersiya direktoru İqor Şaulov tərəfindən kompleksin qış turizm imkanları, yeni layihələr, keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlar haqqında ətraflı məlumat  təqdim edilib.

Tədbir zamanı növbəti Avrasiya Dağ Kurortları Festivalının təşkili “Şahdağ” Turizm Mərkəzinə  ötürülüb və tədbirin 2025-ci ilin  mart ayında keçirilməsi qərara alınıb.

Qeyd edək ki, bundan öncəki Avrasiya Dağ Kurortları Festivalı Rusiyanın Soçi şəhərində  baş tutub. Tədbirdə 9 ölkənin kurort sənayesinin və tərəfdaş şirkətlərin 150 nümayəndəsi iştirak edib.

Şahdağ Turizm Mərkəzinin də  üzv olduğu Avrasiya Dağ Kurortları Alyansı hazırda Özbəkistanın Amirsoy, Qazaxıstanın Şımbulak və Oy Qaraqay, Rusiyanın Roza Xutor və Cənubi Koreyanın Mono Yong Pyon dağ kurortlarını özündə birləşdirir.

Müəllif: Bəhruz MƏMMƏDOV