Milli badminton komandamız İspaniya ilə gərgin qarşılaşma keçirdi

Bu gün badminton üzrə milli komandamız Bakı İdman Sarayında keçirilən qarışıq komandaların Avropa çempionatının qrup mərhələsində ikinci oyununa çıxıb.

1-ci qrupda yer alan komandamız qrup mərhələsinin ikinci turunda İspaniya yığması ilə qarşılaşıb. Görüş ispanların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qarışıq qoşa kateqoriyasında Diki Pangestu - Keişa Fatimə Zəhra tandemi Ruben Qarsiya - Lusia Rodrigez qoşasına rəqib olub. Hər iki set İspaniya təmsilçilərinin üstünlüyü ilə başa çatıb - 18-21, 18-21.

Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo təcrübəli Pablo Abian ilə dueldən qalib ayrılıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən 3 setin yekununda Edi 2:1 (21-18, 8-21,21-13) hesablı qələbə qazanıb.

Qadınların şəxsi mübarizəsində Keişa Fatimə Zəhra Klara Azurmendi ilə üz-üzə gəlib. İspaniya badmintonçusu hər  iki seti öndə başa vurub - 21-17, 21-14.

Kişilərin qoşa kateqoriyasında Edi Reski Dviçayo - Diki Pangestu qoşası İspaniya təmsilçiləri Ruben Qarsiya və Rodriqo Sanjurjo üzərində inamlı qələbə qazanıb - 21-9, 21-14)
Qadınların qoşa kateqoriyasında Leyla Camalzadə - Həcər Nuriyeva tandemi Nikol Karulla - Lusia Rodrigez ikilisinə 0:2 (8-21, 4-21) hesabı ilə məğlub olub.

İlk turda İngiltərə seçmə kollektivinə 2:3 hesabı ilə uduzan millimiz qrupda son oyununu sabah son Avropa çempionu Danimarka yığmasına qarşı keçirəcək. Bakı İdman Sarayında keçiriləcək oyun saat 10:00-da başlayacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV