Yaponiyanın samuray ruhu Bakıda: kendo seminarına böyük maraq

22 fevral tarixində Yaponiyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə Su İdmanı Sarayında Masanori Yasuenin təqdimatında kendo üzrə seminar baş tutub.

Əvvəlcə Kendo müəllimi Masanori Yasue seminar iştirakçılarına Yaponiyanın qədim samuray fəlsəfəsini özündə ehtiva edən buşido, budo konsepləri, budo ilə idman arasında fərqləri izah edib. Daha sonra ənənəvi yapon döyüş növü olan kendo haqqında məlumat verib. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan seminarın yekununda Masanori Yasue bir neçə şəxslərlə kendo texnikalarını sınayıb, qədim samurayların döyüş yolunu izah edib. İlk dəfə regiona təşrif buyuran 8-ci dan kendo müəllimi ölkəmiz haqqında bu fikirləri səsləndirib:

“8 yaşımdan kendo idman növü ilə məşğulam, hazırda 63 yaşım var. Azərbaycanda döyüş növləri təqdirəlayiq şəkildə inkişaf edib. Cüdo, boks, güləş kimi idman növləri bu coğrafiyada məşhurdur. Bütün bunlardan xəbərdaram. Ümid edirəm ki, kendo idman növü də Azərbaycanda inkişaf edər. Bunun üçün yaradılan şərait və insanlarda olan maraq yüksəkdir. Düşünürəm ki, gələcək illərdə kendo ilə məşğul olan şəxslərin sayı çoxalacaq və dünya miqyaslı turnirlərdə iştirak etmək şansları olacaq”.

Seminardan sonra Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov kendo müəllimi Masanori Yasueyə xatirə hədiyyəsi təqdim edib.

Müəllif: Bəhruz MƏMMƏDOV