Formula 1-in Yeni mövsümü başladı

Yüksək gərginlik, yeni transferlər və böyük hədəflər!

Formula-1 üzrə dünya çempionatı bugündən tam həyacanı ilə Avstraliyanın Melburn şəhərindəki Albert Parkda start götürüb. Bu il Formula-1 75-ci yubileyini qeyd edir.

Bəs builki çempionatı nə fərqləndirir və niyə bu mövsümü izləməliyik?

Sürücülər və komandalar

7 qat dünya çempionu Lyuis Hemilton “Ferrari” ni də zirvəyə yüksəldə biləcəkmi? Karlos Sayns “Uilyams”la uğurlu olacaqmı? Esteban Okon “Haas”a ilk podium sevinci bəxş edəcəkmi?

Bundan əlavə, çempionatın debütantlarını da unutmuruq: Andrea Kimi Antonelli, Oliver Berman, Qabriel Bortoleto, Cek Duhen və Ayzek Həcər təcrübəli komanda yoldaşlarına müqavimət göstərə biləcəklərmi?

Son dörd ilin qalibi Maks Ferstappenlə əsas rəqibləri Lando Norris və Şarl Leklerin builki mübarizəsi kimə qalib gələcək?

Sonuncu çempion “MakLaren” bu il ilk yarışdan titulun müdafiəsinə hazır olacaqmı? Həmçinin, hansı komanda onun ən yaxın izləyicisi olacaq: “Red Bull”, “Mercedes” yoxsa “Ferrari”? Mövsümün xoş sürprizini hansı komanda təqdim edəcək?

Gələn il çempionatda radikal dəyişikliklər gözlənilir - həm aerodinamika, həm də güc qurğuları tam yenilənəcək. Formula-1 tarixində bu qədər miqyaslı islahatlar heç vaxt olmayıb və hamı bu dəyişiklikləri maraqla izləyir. Buna görə də, bu il bir çox komanda və sürücü üçün köhnə reqlament çərçivəsində uğur qazanmaq sonuncu şans ola bilər. Cari reqlament çərçivəsində mübarizəyə şahidlik etmək üçün çempionatı izləmək vacibdir.

Formula 1 Qatar Airways Azərbaycan Qran- Prisi 2025-i qaçırmayın! 

Həmçinin, sentyabr ayında baş tutacaq Azərbaycan Qran- Prisini də canlı olaraq izləmək imkanınız var. 75-ci ildönümünü qeyd edən Formula-1 üzrə dünya çempionatının milli mərhələsini Bakının küçələrində yaxından izləmək üçün həftəsonuna bilet almağa tələsin!

Müəllif: Natiq NƏSİROV