Lando Norris Avstraliya Qran-prisinin qalibi oldu

"Formula 1" üzrə Avstraliya Qran-prisində qələbə qazanan pilot bəlli olub.
"McLaren" komandasının britaniyalı sürücüsü Lando Norris Melburn şəhərində keçirilən yarışda finiş xəttini hamıdan tez keçərək qalib olub. O, 1 dəqiqə 27,126 saniyəlik nəticə ilə mövsümdəki ilk qələbəsini əldə edib.
İkinci yeri "Red Bull"un niderlandlı pilotu, üçqat dünya çempionu Maks Ferstappen tutub. "Mercedes" komandasından Corc Rassell isə podiumun son pilləsində qərarlaşıb.
Yarışın gedişində çətin hava şəraiti səbəbindən altı pilot – Qabriel Bortoleto ("Zauber"), Liam Louson ("Red Bull"), Fernando Alonso ("Aston Martin"), İsak Hacar ("Racing Bulls"), Cek Duen ("Alpine") və Karlos Sayns ("Williams") finişə çata bilməyiblər.
Qeyd edək ki, Lando Norris Avstraliya Qran-prisinin sıralama turunu da birinci pillədə tamamlamışdı.
