Tailand “Formula 1” mərhələsinə ev sahibliyi etməyə hazırlaşır

Tailandın baş naziri Petonqtarn Çinavat “Formula 1”in baş direktoru Stefano Domenikali ilə ölkədə dünya çempionatının keçirilməsi perspektivlərini müzakirə edib.

Tailand mətbuatına istinadən xəbər verir ki, görüş zamanı tərəflər ölkənin böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək potensialını vurğulayıblar. Hökumət bu məqsədə çatmaq üçün “Formula 1” rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Danışıqlar çərçivəsində yarışın keçiriləcəyi şəhərin seçimi, investisiya məsələləri və layihənin ümumi məqsədəuyğunluğu müzakirə edilib. Hər iki tərəf bu mövzuda birgə işi davam etdirmək barədə razılığa gəlib.

Qeyd olunub ki, layihə təsdiqlənəcəyi halda, Tailand Qran-prisi 2027-ci ildə keçiriləcək.

Müəllif: Natiq NƏSİROV