"ÜZƏRİMİZDƏ BÖYÜK TƏZYİQ YOXDU" - ODİNA BAYRAMOVA
ESTAFET/ "Üzərimizdə böyük təzyiq yoxdu" - deyə voleybol üzrə Azərbaycan yığma komandasının üzvü Odina Bayramova bildirib.
Təcrübəli voleybolçumuz ölkəmizdə keçiriləcək Avropa çempionatı, imkanlar və ümumi hazırlıq haqda fikirlərini bölüşüb: “Uzun müddət zədə üzündən xeyli məşqi buraxmalı oldum. İndi formada olmasam da, 1 həftəyə tam hazır vəziyyətə gələcəyimi düşünürəm. Yelizaveta Səmədovanın uğurlu çıxışı məni qıcıqlandırmır. Onu özümə rəqib saymıram. Kim yaxşıdısa, o da əsas heyətdə oynasın. Səmədova ona verilən tapşırıqları layiqincə yerinə yetirir. Bir voleybolçu kimi Yelizavetaya böyük hörmətim var. Biz həm də yaxın rəfiqəyik. Voleybolda hər şey ola bilər. Oyunun gedişində vəziyyətə uyğun olaraq bir-birimizi əvəzləyə bilərik. Komandamızda həmişə topun qəbuluyla bağlı problem olurdu. Çünki hər zaman yük mənim və Valeriya Məmmədovanın üzərinə düşürdü. İndi Səmədovanın parlaq çıxışı sayəsində belə problem aradan qalxıb.
İndi üzərimizdə böyük təzyiq yoxdu. Hazırda servislər çox çətinləşib. Ancaq biləndə ki, ehtiyatda səni əvəzləyəcək birisi var, bu sənə dəstək verir və səni təzyiqdən xilas edir. Oyunumuzun dinamik alınmaması heyətimizdə Natalya Məmmədova və Polina Rəhimova kimi ucaboy hücumçuların olmasından irəli gəlir. Onlar hündür toplara zərbə endirməyə üstünlük verir. Qələbə üçün dinamik oyun vacib şərt deyil. Bizim özümüzəməxsus oyun üslubumuz var.
Əsas heyətdə kimlərin olacağını deyə bilmərəm. Ancaq Natalya, Polina və Valeriyanın 100 faiz ilk "6-lıq"da yer alacağı dəqiqdi. Favorit kimi yığmamızın adını çəkə bilərəm. Çünki başqa güclü komandaların ciddi problemləri var. Bir çoxunun zədəli oyunçuları mövcuddu. Serbiyanın əsas toppaylayıcısında dopinq aşkarlanıb. Amma bunlar bizi arxayınlaşdırmamalıdı. Biz öz oyunumuza baxacağıq".