Bakıda keçirilən UFC turnirində yeni rekord qeydə alınıb

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi UFC turniri tarixə düşüb.

“MMA Junkie” nəşrinin məlumatına əsasən, Bakı Kristal Zalında baş tutan yarışda döyüşlər ümumilikdə 2 saat 53 dəqiqə 52 saniyə davam edib. Bu göstərici ilə turnir UFC tarixində ən uzun döyüş gecəsi kimi qeydə alınıb.

Ümumilikdə turnir çərçivəsində 12 döyüş keçirilib. Əsas qarşılaşmalardan biri yüngül çəki dərəcəsində Azərbaycanlı döyüşçü Rafael Fiziyev ilə çilili İqnasio Bahamondes arasında baş tutub. Digər əsas döyüş isə yarımağır çəkidə amerikalılar – Camal Hill və Xalil Rauntri arasında olub. Bu döyüşlərdə müvafiq olaraq Rafael Fiziyev və Xalil Rauntri qalib gəliblər.

Azərbaycanın digər təmsilçilərindən Nazim Sadıxov braziliyalı Nikolas Mottanı nokautla məğlub edib. Tofiq Musayev isə yüngül çəkidə keçirdiyi döyüşdə qırğızıstanlı Mıqtıbek Orolbaya uduzub.

Yarışda həmçinin aşağıdakı idmançılar qələbə qazanıblar:

- Muhammad Usman (Nigeriya)

- Taqir Ulanbekov (Rusiya)

- Klaudiya Siqula (Polşa)

- Darya Jeleznyakova (Rusiya)

- Pak Çun Yon və Sok Hyön Ko (Cənubi Koreya)

- Məhəmməd Naimov (Tacikistan)

- Körtis Bleyds (ABŞ)

Qeyd edək ki, UFC-nin növbəti turniri iyunun 29-da ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək.

Müəllif: Natiq NƏSİROV